İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh Şurası Azərbaycana nə vəd edir - gözləntilər

758 22.01.2026 18:42 Siyasət A A

Bu gün Davosda ABŞ lideri Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisi üçün imzalanma mərasimi keçirilib. Musavat.com bildirir ki, “Sülh Şurasının nizamnaməsi" sənədinin imzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və sənədə imza atıb.

Bir gün əvvəl Tramp Prezident İlham Əliyevə dəvət məktubu ünvanlamışdı və ona müsbət cavab verilmişdi. İmzalanma törənində ABŞ dövlət başçısının Azərbaycan Prezidentini dost adlandırması və tədbirdən sonra ikitərəfli görüşün keçirilməsi də yeni ilin ilk mühüm hadisələrindən oldu. Dünyanın super dövləti tərəfindən Azərbaycana göstərilən yüksək diqqət və ölkəmizin Sülh Şurasında təmsilçiliyi əsas müzakirə mövzularındandır.

Eyni zamanda Sülh Şurasının perspektivləri barədə də müəyyən fikirlər mövcuddur.

Deputat Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın bu quruma üzv olması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin xarici siyasətdə əldə etdiyi böyük uğurların göstəricisidir: “Bu eyni zamanda, beynəlxalq aləmdə ölkəmizə artam diqqət və etimadın göstəricisi olmaqla yanaşı, yeni dünya nizamının qurulmasında Azərbaycanın rolunu gücləndirir”. Deputat qeyd etdi ki, artıq Azərbaycan regional deyil, həm də beynəlxalq müstəvidə güclü dövlət kimi mövqeyini ortaya qoyur: “Artıq bunu bütün dünya anlayır və qəbul edir. Bu gün Azərbaycan həm Türk dövlətləri, həm Şərq ölkələri həm də Avropa dövlətləri arasında mühüm nüfuza malikdir. Getdikcə ölkəmizin mövqeyi daha da güclənəcək.

Azərbaycanın Sülh Şurasına üzvlüyü ölkəmizin regionda və dünyada nüfuzunu daha da artıracaq, Azərbaycan - ABŞ münasibətlərinin inkişafına mühüm töhfə verəcək”.

Sülh Şurası 21-ci əsrin BMT-si olacaqmı sualına gəldikdə, C.Məmmədov bunları bildirdi: “Reallıq budur ki, meydanda güclü və mövqeyini dünyaya diktə edən Amerika var. Avropa dövlətləri isə nə qədər müqavimət göstərsələr də, zəif duruma düşüblər. Ona görə də perspektivdə nələr olacaq, bunu zaman daha dəqiq göstərəcək”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR