Yaxın zamanda Sülh Şurasının tərkibi açıqlanacaq. ABŞ prezidenti Donald Tramp 58 ölkənin liderini Qəzza Sülh Şurasına qoşulmağa dəvət edib. Bir çox dövlət artıq şurada yer alıb-almayacağı ilə bağlı qərarını açıqlayıb. Bəzi dövlətlərin isə razılıq verib-verməyəcəyi hələ bəlli deyil.
Bu əsnada analitiklər Sülh Şurasının BMT-yə alternativ kimi yaradıldığı barədə mülahizələri müzakirə edirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli Musavat.com-a şərhində bildirib ki, Tramp tərəfdarlarının çıxışlarında Sülh Şurası BMT-yə alternativ kimi təqdim olunur, amma nəzərə alınmalı bəzi məqamlar var.
M.Məmmədli Sülh Şurasının BMT-yə alternativ olacağını düşünmür:
“BMT olduqca böyük geosiyasi hadisədən - qlobal müharibədən sonra dövlətlərin ümumi razılığı ilə yaranıb, ciddi hüquqi legitimliyi olan ən böyük universal təşkilatdır. Bu təşkilatın alternativinin yaranması üçün daha bir geosiyasi hadisə baş verməlidir. Sülh Şurası isə Trampın təşəbbüsü ilə yaradılan strukturdur, yəni şəxsə bağlıdır. Tramp hakimiyyətdən getdikdən sonra şuranın gələcəyinə nikbin baxmıram. Şəxsə bağlı olan qurumlar o qədər də dayanıqlı olmur.
BMT-yə gəldikdə, dünyada beynəlxalq hüquqla bağlı ciddi böhran yaşanır. Beynəlxalq təşkilatlar öz funksiyasını, o cümlədən BMT əsas missiyasını yerinə yetirə bilmir. Bütün bunlara baxmayaraq, nəzərə almalıyıq ki, BMT beynəlxalq hüququn subyekti kimi qalmaqdadır. Digər dövlətlər də Sülh Şurasını tam qəbul etməlidir. Ola bilər ki, BMT-nin öz funksiyalarını yerinə yetirə bilmədiyi müəyyən məsələlərdə Sülh Şurası alternativ mexanizm kimi çıxış edə bilər, amma qlobal miqyasda BMT-ni əvəz edə biləcəyinə skeptik yanaşıram”.
Nigar Həsənli,
Musavat.com






