İnsanlara hürriyət, millətlərə istiqlal!

TikTok Trampın şərtlərini qəbul etdi – sosial şəbəkə xüsusi xidmət orqanlarının nəzarətinə keçir

309 19.12.2025 13:55 Dünya A A

ABŞ-da 170 milyondan çox istifadəçisi olan TikTok ətrafında illərdir davam edən qalmaqal nəhayət ki, siyasi kompromislə nəticələnib. Təhlükəsizlik adı ilə şəbəkənin ABŞ-dakı fəaliyyəti tam nəzarətə götürülür.

Musavat.com xəbər verir ki, TikTok-un baş direktoru Şou Zi Çjunun təsdiqlədiyi razılaşmaya əsasən, Çinin ByteDance şirkəti ABŞ əməliyyatları üzərində nəzarətin böyük hissəsini itirir.

Platformanın yarısı Oracle, Silver Lake və BƏƏ-də yerləşən MGX daxil olmaqla investorlar konsorsiumuna keçir. ByteDance isə cəmi 19,9 faiz payla kifayətlənir. Bu, sadəcə kommersiya sövdələşməsi deyil, faktiki olaraq rəqəmsal suverenliyin təhvil verilməsidir.

Ağ Ev artıq açıq şəkildə bəyan edib ki, Donald Trampa yaxınlığı ilə tanınan milyarder Larri Ellisonun həmtəsisçisi olduğu Oracle şirkəti bu razılaşma çərçivəsində TikTok-un tövsiyə alqoritminə lisenziya alacaq. Bu faktın üzərindən səssiz keçmək mümkün deyil. Çünki TikTok-un əsas gücü videolarda yox, alqoritmdədir. Kimin nəyi görəcəyini, hansı mövzunun trendə çevriləcəyini, hansı siyasi və sosial narrativin önə çıxacağını məhz bu mexanizm müəyyənləşdirir. Alqoritmə nəzarət isə, faktiki olaraq, kütləvi şüurun idarə olunması deməkdir.

Oracle isə sıradan texnologiya şirkəti deyil. ABŞ kəşfiyyat strukturları ilə uzun illərdir əməkdaşlıq edən, Pentaqon, CIA və NSA üçün bulud və məlumat infrastrukturu təmin edən korporasiyadır. Başqa sözlə, TikTok-un “Çin təhlükəsi” arqumenti ilə satın alınması, onu ABŞ xüsusi xidmət orqanlarının nəzarətinə açmaqla nəticələnir. Razılaşmaya əsasən, TikTok-un alqoritmi Amerika istifadəçilərinin məlumatları əsasında yenidən təlim keçiriləcək. Rəsmi izah belədir: “xaricdən manipulyasiya riskini azaltmaq”.

Demokrat senator Ron Vaydenin deyib ki, bu razılaşma amerikalıların məxfiliyini qorumaq üçün heç nə etmir. Əksinə, ABŞ istifadəçilərinin davranışları, zövqləri, siyasi baxışları, psixoloji profilləri daha mərkəzləşdirilmiş və daha dərin analiz edilə bilən formaya salınır. Bu isə reklamdan çox, kəşfiyyat maraqlarına xidmət edən data bazası yaradır. Yəni TikTok-un ABŞ-dakı istifadəçiləri Çin dövlətinin təsirindən çıxır və ABŞ dövlətinin nəzarətinə verilir.

“Tramp Putin kimi diktatorların ssenarisini izləyir. O, medianı milyarder dostlarının əlinə verir, nəticədə real söz azadlığı yox olur”, - deyə senator Vayden bildirib.

Bu ittiham emosional səslənsə də, reallıqdan uzaq deyil. Əgər TikTok kimi platformalar birbaşa və ya dolayı yolla dövlətlə sıx əlaqəli korporasiyaların nəzarətinə keçirsə, söz azadlığı alqoritmik filtrə çevrilir. Bu filtr isə kimin danışacağını, kimin susdurulacağını səssiz şəkildə müəyyən edir. TikTok bildirir ki, ABŞ-da 7 milyondan çox kiçik biznes platformadan istifadə edir. Platforma biznes üçün yox, siyasi və təhlükəsizlik aləti üçün optimallaşdırılarsa, prioritetlər dəyişəcək. TikTok-un ABŞ-da qalması “qadağadan xilas” kimi təqdim olunur. Əslində isə bu proses, rəqəmsal platformanın dövlət nəzarətinə daha da yaxınlaşdırılmasıdır. Bu isə artıq texnologiya yox, siyasi hakimiyyət məsələsidir. Çin təhlükəsi arqumenti aradan qalxır, yerini isə ABŞ xüsusi xidmət orqanlarının görünməyən nəzarət mexanizmi tutur.

E. MƏMMƏDƏLİYEV
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR