İnsanlara hürriyət, millətlərə istiqlal!

Toxunulmazlıq dövrü bitdi: İlham Əliyevdən məmurlara açıq xəbərdarlıq – CİNAYƏT CƏZASIZ QALMAYACAQ!

2316 28.12.2025 00:07 Siyasət A A

Bəziləri cəmiyyətdə “özlərinin əvəzedilməzliyi” haqda miflər uydurmuşdular. Elə düşünürdülər ki, adları, vəzifələri, yaxın olduqları çevrələr onları istənilən məsuliyyətdən qoruyacaq. Amma Prezident İlham Əliyev onlara, necə deyərlər, “bir qələmlə” yerlərini göstərdi.

Son günlər xüsusilə sosial mediada Azərbaycan dövlət başçısının məmurlara ünvanladığı “Heç kim toxunulmaz deyil” xəbərdarlığı ən çox istinad edilən sitatlardan birinə çevrilib. Bu, təsadüfi deyil. Cəmiyyətdə geniş rezonans doğuran həbslər və istintaq prosesləri fonunda bu fikir artıq sadəcə söz yox, siyasi xətt, idarəçilik prinsipi kimi qəbul olunur.

Musavat.com-a görə, bu müzakirələrin haradan qaynaqlandığı da hamıya aydındır. Xüsusilə “Ramiz Mehdiyev işi” yalnız bir fiqurun deyil, uzun illər formalaşmış toxunulmazlıq miflərinin də sarsıdılması oldu. Bu proses təbii olaraq bir çox “budaqları” da silkələdi. Lakin bu silkələnmə dövlət üçün risk yaratmadı, əksinə, postmüharibə dövründə cəmiyyət tərəfindən zəruri təmizlənmə kimi qarşılandı və dövlətin hüquq-mühafizə strukturlarının apardığı əməliyyatlara açıq dəstək verildi.

Prezident İlham Əliyev yüksək vəzifəli məmurlarla toplantılarda bu mövqeni bir neçə dəfə məqsədli şəkildə təkrarlayıb. Onun idarəetmə fəlsəfəsini bilənlər bu çağırışdan nəticə çıxardılar. Amma kimlərsə hələ də köhnə vərdişlərlə “arxamda filankəs dayanır” düşüncəsinə güvənirdisə, artıq onların (acı) taleyi də bəllidir. Dövlət başçısı idarəetmədə istisnasız şəkildə xalqa arxalanır və məmurları da məhz bu prinsipə uyğun işləməyə çağırır.

Ruslan Eyyubov narazıdır — Yenə məhkəməyə çıxacaq

Ruslan Əyyubov

Prezidentin açıq mövqeyi təkcə sözlərdə qalmadı, real faktlarla təsdiqləndi. General Bəylər Əyyubovun yaxın qohumlarının, o cümlədən Ruslan Əyyubovun həbsi, ondan da əvvəl general Həsən Əyyubovun işdən çıxarılması; Ramiz Mehdiyevin şəxsən cinayət məsuliyyətinə cəlb edilməsi, ev dustaqlığı verilməsi; eləcə də uzun illər toxunulmaz sayılan çevrələrə daxil şəxslərin işdən çıxarılması göstərdi ki, bu xətt selektiv deyil. Bu addımlar Prezidentin “cinayət edən hər kəs cəzalandırılacaq” fəlsəfəsinin ən bariz nümunəsidir.

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi Həsən  Eyyubov təqaüdə göndərilib

Həsən Əyyubov

Bu gün bəzi dairələr istintaqa cəlb olunan şəxsləri yalnız müxalifət prizmasından təqdim etməyə, beynəlxalq təşkilatlara demoqoji müraciətlər ünvanlamağa çalışırlar. Halbuki faktlar ortadadır: istintaqa cəlb olunan təkcə müxalifət liderləri deyil. Yüksək vəzifəli məmurların özləri, onların yaxınları, illərlə dövlətin ali idarəetmə strukturlarında təmsil olunmuş şəxslər də bu prosesdən kənarda qalmırlar. Bu, qanun qarşısında hamının bərabərliyi prinsipinin real tətbiqidir.

İstər uzun illər ölkənin ideoloji-siyasi həyatında mühüm rol oynamış Ramiz Mehdiyev, istər müxalifət lideri Əli Kərimli, istərsə də ölkənin ən nüfuzlu simalarından sayılan Bəylər Əyyubovun yaxın çevrəsi olsun – cinayət varsa, istintaq var. Kimdə cinayət tərkibi aşkarlanırsa, kimə qarşı əsaslı şübhə varsa, o şəxs çağırılır, dindirilir, məsuliyyətə cəlb olunur. Bu sıraya milyardlarla vəsaiti idarə etmiş Adnan Əhmədzadə kimi fiqurların da əlavə olunması son aylarda Azərbaycanın siyasi-ictimai həyatında misli görünməmiş bir mərhələ formalaşdırıb.

Prezident İlham Əliyevin bu siyasəti cəmiyyətə və dünyaya verilən son dərəcə güclü mesajdır: toxunulmazlar dövrü bitib. Bu mesaj həm iqtisadi cinayətlərə, həm siyasi manipulyasiyalara, həm də məmur özbaşınalığına aiddir. Heç kim “əlifba öyrədən”, “kölgə himayəsi yaradan” roluna sığınıb məsuliyyətdən yayınmayacaq.

Qısası, bu gün Azərbaycanda heç bir məmurun, heç bir siyasi fiqurun, heç bir nüfuz sahibinin “toxunulmazlıq immuniteti” yoxdur və ola da bilməz. Bu, artıq yalnız Prezidentin sözləri deyil, işləyən dövlət mexanizmidir. Hər kəs bu mesajdan öz nəticəsini çıxarmalıdır.

Siyasi təhlil şöbəsi
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR