ABŞ Prezidenti Donald Tramp ABŞ-nin 31 Birləşmiş Millətlər Təşkilatının (BMT) agentliyi də daxil olmaqla, ümumilikdə 66 beynəlxalq təşkilatdan çıxması barədə sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, Ağ Ev bu barədə yazılı açıqlama yayıb.
"Bu gün Prezident Donald Tramp artıq Amerika maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan ABŞ-ın çıxmasını əmr edən sərəncam imzaladı" - bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, qərar müvafiq beynəlxalq təşkilatların "Amerikanın milli maraqlarına zidd hərəkət etməsi" səbəbindən verilib.
Ağ Evin bəyanatında ABŞ-nin yaxın zamanda çıxacağı təşkilatların adları isə açıqlanmayıb.
Xatırladaq ki, 20 yanvar 2025-ci ildə başlayan ikinci prezidentlik müddətinin ilk günlərində ABŞ Prezidenti Tramp Paris İqlim Sazişindən və BMT-nin İnsan Hüquqları Şurasından çıxmışdı və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyinə (UNRWA) maliyyələşdirməni dayandırmışdı.
Musavat.com






