İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranı 8 martda VURA bilər – Gerisayım başlayıb...

563 20.02.2026 17:15 Region A A

ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlaması Yaxın Şərqdə onsuz da gərgin olan siyasi atmosferi daha da qızışdırıb. Tramp sərt mövqeyini bir daha nümayiş etdirərək, Tehrana razılaşma üçün maksimum 15 gün vaxt verdiyini deyib (Bu da uzağı, martın 8-ə təsadüf edir).

Bu bəyanat təkcə iki ölkə arasındakı gərginliyin aqibəti baxımından yox, həm də regional təhlükəsizlik və beynəlxalq diplomatiyanın gələcəyi nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır.

Vaşinqtonun “diplomatik imkanlar tükənir” mesajı, əslində, prosesin həlledici mərhələyə qədəm qoyduğunu göstərir. Rəsmi Tehran qarşısında ya danışıqlar və razılaşma məsələsinə daha çevik yanaşmaq, ya da mümkün sanksiya və təzyiqlərlə üzləşmək kimi çətin seçim dayanır.

Baş verənlər Yaxın Şərqdə yeni və daha təhlükəli mərhələnin anonsudurmu?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-da bildirdi ki, siyasi danışıqlar bitəndə onu hərbi güc əvəz edir:

“Nəzərə almaq lazımdır ki, ABŞ danışıqlar pəncərəsini açıq saxlamaqla paralel olaraq İran ətrafına 3 aviadaşıyıcı gəmi gətirir. Yaxın Şərqə rekord həddə hərbi güc toplayır. Trampın bu ultimatumu göstərir ki, ABŞ artıq "maksimum təzyiq" siyasətindən "son addım" mərhələsinə keçib. 15 günlük müddət diplomatik danışıqlar üçün olduqca qısa bir zamandır və bu, Vaşinqtonun artıq masada konkret şərtlərinin olduğunu göstərir.

ABŞ-ın bu ultimatumu, sadəcə, diplomatik bir gediş deyil, həm də beynəlxalq ictimaiyyətə "biz əlimizdən gələni etdik" mesajıdır. 15 günlük vaxt kəsiyi Tehranı sürətli qərar verməyə məcbur edir. Bu müddətin sonunda razılaşma əldə olunmazsa, Yaxın Şərqdə yeni və daha şiddətli bir gərginlik dalğasının şahidi ola bilərik”.

Ekspert hesab edir ki, İranı eynən Venesueladakı kimi tam iqtisadi blokadaya ala bilərlər:

“Bundan əlavə, İranın nüvə və hərbi obyektlərinə ağır zərbələr endirilə bilər. ABŞ artıq İranla bağlı bəhanəsini də tapıb. AĞ Ev rəsmi olaraq bildirir ki, İran nüvə silahı əldə edə bilər. Hesab edirəm ki, bu bəhanədən başqa bir şey deyil. Burada düşündürücü əsas məsələ İranın verə biləcəyi cavabdır. Tehran əgər 12 günlük toqquşmadakı kimi və daha artıq cavab verəcəksə, bu uzunmüddətli bir müharibəyə çevrilə bilər. Bu isə ABŞ-ni eynilə Rusiyanın Ukraynadakı kimi bataqlığa salınması anlamına gələcək.

Faktiki olaraq İran geri addım atmır. Atacağı da inandırıcı deyil. Çünki ABŞ və İsrailin birgə irəli sürdüyü şərtlər İran üçün döyüşsüz ağ bayraq qaldırmaq anlamına gəlir. İran 12 günlük müharibədən sonra zəif yerlərini müəyyən edib və gücləndirib. Həm Rusiya, həm də Çindən hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, radielektron mübarizə vasitələri alıb. Faktiki olaraq İran da müharibəyə hazırlaşıb. Hesab edirəm ki, ABŞ də bunun fərqindədir. Ona görə də, onlar da risk etmək niyyətində deyillər.

ABŞ-nin Yaxın Şərqə yığdığı qüvvələr kifayət qədər çoxdur. Bu qüvvələrin əraziyə gətirilməsi özü belə böyük xərc tələb edir. Amerika masada istədiyini ala bilməsə, mütləq şəkildə hərbi müdaxilə variantını işə salacaq”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR