ABŞ prezidenti Donald Tramp İranın Vaşinqton üçün “qırmızı xətləri” aşmağa başladığını bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, ABŞ administrasiyası kütləvi etirazlar zamanı mülki şəxslərin həlak olması fonunda “çox ciddi variantları” nəzərdən keçirir.
Tramp vurğulayıb ki, ABŞ-ın maraqlarına ediləcək istənilən hücum “boğucu güclə” qarşılanacaq. Bu açıqlama Vaşinqtonun mümkün eskalasiya halında sərt cavab verməyə hazır olduğunu göstərir.
Bu arada, Reuters agentliyinin ABŞ-da yerləşən HRANA (Human Rights Activists News Agency) insan haqları təşkilatına istinadən verdiyi məlumata görə, İranda baş verən etirazlar nəticəsində ölənlərin sayı 500 nəfəri ötüb. Təşkilatın məlumatında bildirilir ki, həlak olanlardan 490-ı etirazçı, 48-i isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. Son iki həftə ərzində etiraz aksiyalarında iştirak edən 10 mindən çox şəxs saxlanılıb.
Qeyd edək ki, HRANA bundan bir gün əvvəl etirazlar zamanı ölənlərin sayının 116 nəfər olduğunu açıqlamışdı.
Musavat.com






