Süni intellektin siyasi satirası sosial medianı silkələdi
Sosial şəbəkələrdə yayılan və süni intellektlə hazırlanmış yeni bir video-parça qısa müddətdə böyük rezonans doğurub.
Musavat.com xəbər verir ki, xarici platformalarda paylaşılan videoda ABŞ prezidenti Donald Trump Venesuela prezidenti Nikolas Maduro ilə birlikdə həbsxana məkanını xatırladan bir mühitdə təsvir olunur.
Paylaşım mətnində qeyd edilir ki, bu video müəllifin “Donald Trampın Maduronu yeni ‘kameradaşları – keçmiş diktatorlar, hazırkı diktatorlar və korrupsiyaya bulaşmış siyasətçilərlə tanış etmək üçün müşayiət etməsi”, ideyasına əsaslanır. Müəllif bunu “təmiz provokasiya”, “kəskin ironiya” və “Make America Great Again” ruhunda hazırlanmış siyasi satira kimi təqdim edir.
Paylaşımda vurğulanır ki, süni intellekt aktual siyasi hadisələri viral satiraya çevirərək cəmiyyətin diqqətini həm texnologiyanın imkanlarına, həm də dünya siyasətindəki gərginliklərə yönəldir. Video qısa zamanda on minlərlə bəyənmə və paylaşım toplayaraq geniş müzakirələrə səbəb olub.
İstifadəçilərin bir qismi real siyasi fiqurların bu cür vizual ssenarilərdə təqdim edilməsini etik baxımdan mübahisəli sayır. Bununla belə, paylaşım süni intellektin siyasi kommunikasiya və ictimai rəyə təsir imkanlarının artdığını bir daha göstərmiş oldu.
Musavat.com






