ABŞ prezidenti Donald Tramp ABŞ-nin NATO müttəfiqlərinin əksəriyyətinin Hörmüz boğazını açmaq üçün İranla müharibəyə qoşulmaqdan imtina etməsindən narazı qalıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp bu barədə Truth Social şəbəkəsində yazıb: "NATO müttəfiqlərimizin əksəriyyəti Yaxın Şərqdə İrana qarşı hərbi əməliyyatımıza müdaxilə etmək istəmədiklərini bildiriblər. Ancaq, demək olar ki, bütün ölkələr bizim hərəkətlərimizi qətiyyətlə dəstəkləyir və İranın heç vaxt nüvə silahına sahib olmasına icazə verilməməli olduğuna inanırlar".
ABŞ prezidenti əlavə edib: "Onların hərəkətlərindən təəccüblənmirəm, çünki mən həmişə bu ölkələri müdafiə etmək üçün ildə yüz milyardlarla dollar xərclədiyimiz NATO-ya birtərəfli küçə kimi yanaşmışam - biz onları müdafiə edəcəyik, amma onlar, xüsusən də ehtiyac duyulan bir vaxtda, bizim üçün heç nə etməyəcəklər".
Tramp bildirib ki, ABŞ və İsrai İran ordusunu, donanmasını və hava qüvvələrini məhv edir, ona görə də artıq NATO ölkələrindən köməyə ehtiyac duymur. "Eyni şey Yaponiya, Avstraliya və ya Cənubi Koreya üçün də keçərlidir. Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur”.
Daha sonra, oval ofisdə İrlandiyanın baş naziri Maykl Martin ilə görüş zamanı Tramp NATO ölkələrini müharibə ilə bağlı mövqeyinə görə tənqid etməyə davam edib.
"Düşünürəm ki, NATO çox axmaq bir səhv edir. Hamı bizimlə razıdır, amma heç kim kömək etmək istəmir. Biz, ABŞ, bunu xatırlamalıyıq, çünki bunu olduqca şok hesab edirik", - deyə o bildirib.
İranla bağlı müharibədən sonrakı vizyonunun olub-olmadığı və ABŞ-nin zərbələri nə vaxt dayandıracağı soruşulduqda, Tramp cavab verib ki, əgər Vaşinqton müharibəni indi bitirərsə, Tehrana dağılanları bərpa etməsi üçün 10 il lazım olacaq.
"Amma biz hələ getməyə hazır deyilik. Amma yaxın gələcəkdə gedəcəyik", - deyə ABŞ prezidenti bildirib.
Axios mənbəyinə görə, Tramp administrasiyası Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstraliya, Kanada, Fars körfəzi ölkələri və İordaniyanın koalisiyaya qoşulmasını istəyirdi. ABŞ həmçinin Yaponiya və Cənubi Koreyaya müraciət etmişdi.
Musavat.com






