Bütün dünyanın diqqətlə izlədiyi İran ətrafında böhran davam edir. Hələ ki, sülh variantlarından çox tərəflərin qarşılıqlı təhdidləri eşidilməkdədir. “The New York Times” nəşri isə İran hakimiyyətində mümkün fövqəladə ssenarilərlə bağlı diqqətçəkən məlumat yayıb. Qəzet bu barədə İranın yüksək vəzifəli rəsmilərinə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrinə istinadən yazıb. Məlumatda bildirilir ki, rəsmi Tehran ölkənin ali rəhbəri Əli Xameneinin ölümü və ya ABŞ ilə potensial hərbi münaqişə fonunda idarəetmənin pozulması ehtimalına qarşı ehtiyat plan hazırlayır.
Məlumata görə, Xamenei səlahiyyətlərinin bir hissəsini ən etibarlı yaxın çevrəsinə həvalə edib, həm hərbi, həm də mülki strukturlarda çoxpilləli varislik sisteminin formalaşdırılmasını tapşırıb. Bildirilir ki, ali rəhbərlə əlaqənin kəsilməsi və ya onun vəfatı halında idarəetməni davam etdirə biləcək dörd potensial müavin müəyyənləşdirilib.
Nəşr həmçinin, yazır ki, əsas qərarların koordinasiyası İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə olunub. Son aylarda Laricaninin təsir imkanlarının artdığı, onun daxili təhlükəsizlik məsələlərinə, regional müttəfiqlərlə əlaqələrə nəzarət etdiyi və Vaşinqtonla nüvə proqramı üzrə aparılan danışıqlarda iştirak etdiyi qeyd olunur. Yəni faktiki surətdə idarəçilik prezident Məsud Pezeşkina deyil, Laricaniyə tapşırılır. Niyə? Xamenei ona niyə etibar etmir?

Bu arada ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff “Fox News” telekanalına müsahibəsində İranın sürgündə yaşayan şahzadəsi Rza Pəhləvi ilə görüş keçirdiyini təsdiqləyib. “Azad İran” telegram kanalı məlumatına görə, görüş ABŞ prezidenti Donald Trampın göstərişi ilə baş tutub. “Mən onunla prezident Trampın göstərişi ilə görüşdüm. O (Pəhləvi) ölkəsinə sadiqdir və onun qayğısına qalır. Amma bu, prezident Trampın siyasəti ilə bağlıdır, cənab Pəhləvinin siyasəti ilə deyil. Düşünürəm ki, prezident hər kəsin fikirlərini eşitməkdə maraqlıdır”, - deyə Uitkoff qeyd edib.
Nə baş verir? ABŞ Pəhləvini qabağa verir?
Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlu Musavat.com-a açıqlamasında ABŞ-nin Pəhləvidən başqa namizədi olmadığını söyləyib:
“Əlbəttə, ABŞ siyasi dairələrinin dəstəyi şahzadə Pəhləviyədir. Bunu heç gizlətmirlər də. Düzdür, son illərdə İsrail hökuməti oğul Pəhləviyə daha çox dəstək verir, hətta İsrailə dəvət etdilər, şəxsən baş nazir Netanyahu ilə görüşdü. Aydın məsələdir ki, Rza şah ABŞ-ın müttəfiqi olub. Bu ayın əvvəlində də Pəhləvi Floridada Trampın elçiləri Uitkof və Kuşnerlə görüşdü, həmçinin, digər iranlı güclü şəxslərlə. ABŞ-ın İranda hazırda Pəhləvidən başqa ciddi namizədi yoxdur”. Onun fikrincə, məsələ ondadır ki, bütün despot rejimlərdə olduğu kimi, şahın zamanında da İranda dünyəvi demokratik müxalifət formalaşmayıb: “Olan qüvvələr də əzilib. Ona görə də şaha qarşı üsyanın aparıcı qüvvəsi solçular və islamçılar olub. Sonrakı dövrdə də mühacirətdə müəyyən Qərbyönlü demokratik qüvvələr yaransa da, onlar monarxistlərlə müqayisədə kölgədə qalıb. Çünki monarxistlər daha böyük resurs, əlaqə və elektorata malikdir. Çünki İran həm də ənənəvi monarxiya ölkəsi olub. Bu səbəbdən də mühacirətdə güclü dünyəvi siyasi müxalifət ortaya çıxmadı, əsas güc monarxistlərdə qaldı. Üstəlik, keçmiş əlaqələrə görə Qərb də monarxistləri dəstəkləyir”.
Cavanşir ABBASLI
Musavat.com






