ABŞ prezidenti Donald Tramp Ukrayna məsələsi ilə bağlı ard-arda kəskin açıqlamalar verib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Kiyev rəhbərliyi artıq vəziyyəti dəyişmək gücündə deyil və kompromisə getməyə məcbur olacaq:
“Zelenski özünü toparlamalı və təklifləri qəbul etməyə başlamalıdır, çünki o, döyüş meydanında uduzur”, – Tramp bildirib.
Bundan əvvəl Tramp keçmiş prezident Barak Obamanı Krımın itirilməsində birbaşa günahlandırıb. Onun fikrincə, 2014-cü ildə baş verənlər Ukraynanın real seçim imkanı olmadan, ABŞ administrasiyasının zəif mövqeyi nəticəsində baş verib:
“Barak Obama Ukraynanı Krımı Rusiyaya verməyə məcbur edib. Həmin xəritəyə baxanda həmişə düşünürdüm: Ah, Krım necə də gözəldir! Üç tərəfdən dənizlə əhatə olunub, ən isti, ən yaxşı yerlər oradadır. Obama onları Krımı verməyə məcbur etdi. Necə olduğunu yaxşı xatırlayıram. Obama Krımı öz əli ilə Rusiyaya təhvil verib”, – Tramp söyləyib.
Açıqlamalar hazırda ABŞ-Ukrayna münasibətlərində gərgin diplomatik fonun davam etdiyi bir dövrə təsadüf edir.
Musavat.com






