Qazaxıstan Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin potensial iştirakçılarına layihədə 30 faiz payla iştirak etmək təklifi ilə müraciət edib.
Musavat.com xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov jurnalistlərə deyib.
"Biz də öz tərəfimizdən potensial TAPI səhmdarlarına Qazaxıstanın bu kəmərdə 30 faizə qədər payla iştirak etmə ehtimalı ilə bağlı müvafiq rəsmi sorğu göndərmişik. Cavab gözləyirik. İndiyə qədər heç bir cavab yoxdur. Bu məsələni yüksək səviyyəli görüşdə qaldırdıq və Türkmənistan tərəfindən cavab gözləyirik. Hələ ki, cavab yoxdur", - o bildirib.
Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Qazaxıstan-Əfqanıstan biznes forumunda Qazaxıstan TAPI-nin tikintisində iştirak etmək istəyini bildirib və Türkmənistan tərəfi ilə danışıqlara başlayıb:
"Əgər Qazaxıstan şirkəti bu layihədə uğurla iştirak edərsə, bu, ölkələrimiz arasında qaz sektorunda əməkdaşlıq üçün yeni perspektivlər açacaq".
TAPI qaz kəmərinin ümumi uzunluğu 1814 kilometr olacaq, o cümlədən 214 kilometri Türkmənistanda, 774 kilometri Əfqanıstanda və 826 kilometri Pakistanda Hindistan sərhədinə qədər uzanacaq.
İldə 33 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malik TAPI kəməri, Türkmənistanın cənubundakı nəhəng Qalkınış qaz yatağından (təxminən 27,4 trilyon kubmetr ehtiyatı var-red.) Əfqanıstanın Herat və Qəndəhar şəhərlərindən, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək qərbi Hindistandakı Fazilka şəhərinə qədər uzanacaq.
Türkmənqaz-dan əlavə, TAPI Pipeline Company səhmdarları arasında hər biri 5 faiz paya sahib olan Afghan Gas Corporation, Pakistanın Inter State Gas Systems (Private) Limited və Hindistanın GAIL şirkətləri də var.
İlkin hesablamalara görə, kəmərin ümumi dəyəri 10 milyard dollar olacaq.
Musavat.com






