İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna nümunəsi Ermənistanı qorxudub-Qüdrət Həsənquliyevdən ilginc açıqlamalar  

452 11.12.2025 19:38 Siyasət A A

 

Ədalət, Hüquq və Demokratiya partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Onun Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin hələ də əldə olunmaması ilə bağlı dedikləri xüsusi diqqət çəkib.

Partiya sədri hesab edir ki, bu istiqamətdə Ermənistan bəzi məsələləri Rusiya ilə razılaşdıra bilməyib:

"Ermənistan Ukraynanın kapitulyasiyaya məcbur edildiyini görüb daha çox qorxmağa başlayıb. Onlar artıq yekun sülh sazişi olmadan belə Azərbaycan üzərindən yüklərini daşıya bilirlər, Azərbaycandan neft almağı planlaşdırır, Türkiyə ilə sərhədləri açmağa hazırlaşırlar, sərhədlərin demarkasiyası işi də davam edir və s. Yəqin düşünürlər ki, yekun sülh sazişi olmadan da keçinmək olar. Amma kimlərisə qıcıqlandırmağa dəyməz. Ermənistan həm də bizi yekun sülh sazişi üçün Rusiya ilə danışmağa məcbur etmək istəyir. Düşünməyə dəyər".

Musavat.com xəbər verir ki, partiya sədrinin dedikləri müəyyən müzakirələrə yol açıb. Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Ermənistanın son aylardakı davranışı göstərir ki, İrəvan bir çox strateji məsələləri Moskva ilə razılaşdıra bilmir və bu, onların təhlükəsizlik qavrayışında ciddi boşluq yaradıb: "Ukraynanın faktiki kapitulyasiyaya sürüklənməsi və Rusiyanın onu danışıqlara məcbur etməsi Paşinyan hökumətinə açıq mesaj verib: Moskva zəifləsə də, regional təsir alətlərindən imtina etmir. Bunun fonunda Ermənistan təhlükəsizlik arquitekturasını  yenidən qurmağa çalışaraq Azərbaycan üzərindən tranzitə başlamağa, Bakıdan neft almağa, Türkiyə ilə sərhədlərin açılmasına yaxınlaşmağa razılıq verir. Yəni İrəvan üçün əsas prioritet artıq hər şeyi böyük sülh sazişinə bağlamadan gündəlik siyasi-iqtisadi fayda əldə etmək və regiondakı yeni reallıqlara uyğunlaşmaqdır.

Bununla belə, Ermənistanın ehtiyatlı davranması təsadüfi deyil. Paşinyan həm Rusiyanın qıcıqlandırılmasının risklərini, həm də yekun sülh olmadan Azərbaycanın qarşısında tam etibarlı mövqe qazana bilməyəcəyini bilir. Məhz buna görə İrəvan Bakı ilə danışıqlarda paralel olaraq Moskvanı yenidən prosesə qaytarmaq istəyir, çünki sülh sazişinin Rusiya faktorundan tam kənarda bağlanması onların siyasi manevr imkanlarını azaldır. Ermənistan çalışır ki, Azərbaycan yekun sülh üçün müəyyən məsələləri Kreml ilə koordinasiya etsin və proses yalnız İrəvan–Bakı xətti ilə deyil, üçbucaqlı formatda davam etsin. Bu isə göstərir ki, Ermənistanın hazırkı elastik addımları nə qədər praqmatik olsa da, siyasi baxımdan özünü tam təhlükəsiz hiss etmədiyini nümayiş etdirir".

Cavanşir ABBASLI

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR