Xəbər verdiyimiz kimi ötən gün Ukrayna prezidenti Volodimir Zelenski rəsmi fərman imzalayaraq Prezident Aparatının rəhbəri Andrey Yermakı vəzifəsindən azad edib. Fərman Ukraynanın rəsmi normativ-hüquqi bazasında dərc olunub və qərar 28 noyabr 2025-ci il tarixindən qüvvəyə minib. Hadisə günün əvvəlində antikorrupsiya qurumlarının Yermakın Kiyevin hökumət kvartalında yerləşən mənzilində axtarış aparması barədə açıqlama verdikdən dərhal sonra baş verib. Axtarışın hansı cinayət işi çərçivəsində aparıldığı açıqlanmasa da, Ukrayna mediası bunu yüksək ranqlı məmurlara qarşı genişlənən antikorrupsiya əməliyyatının tərkib hissəsi hesab edir.
Andrey Yermak Zelenskinin ən yaxın siyasi tərəfdaşlarından biri, uzun illər Prezident Aparatının real siyasi mərkəzi kimi tanınan fiqur idi. Onun imzası həm ABŞ və Avropa ilə koordinasiya, həm də Rusiya ilə əlaqəli danışıqların bir çox mərhələsində həlledici rol oynayıb. Bu səbəbdən Yermakın qəfil gedişi Zelenski komandasının daxilində balansın dəyişməsi kimi dəyərləndirilir.
Bəs Yermakın getməsi Zelenski-Tramp münasibətlərinə necə təsir göstərə bilər? ABŞ-da administrasiya dəyişikliyi fonunda bu qərarın zamanlaması təsadüfdürmü? Bu qədər nüfuzlu bir fiqurun birdən-birə kənarlaşdırılması Zelenskinin mövqeyini gücləndirir, yoxsa əksinə - zəiflik əlaməti kimi görünür?
Politoloq Zeynal Əmrəliyev mövzu ilə bağlı Musavat.com-a danışıb.
Politoloqun fikrincə, Yermakın vəzifədən göndərilməsi əslində iki mühüm məna daşıyır və bu addım Ukrayna siyasi sistemində həm güclü mesaj, həm də ciddi silkələnmə kimi qiymətləndirilir:
"Birinci növbədə, bu qərar Ukraynada antikorrupsiya əməliyyatlarının hansı yüksək səviyyədə aparıldığını göstərir. Yəni bu, Prezident Zelenskinin xeyrinə işləyən amildir və hakimiyyətin korrupsiya ilə mübarizədə geri addım atmadığını nümayiş etdirir. Qərb tərəfdaşları tərəfindən uzun müddətdir tələb edilən şəffaflıq və məsuliyyət tələbləri fonunda belə addım Zelenskinin siyasi imicinə müsbət təsir göstərmək potensialına malikdir.
İkinci mühüm məna isə Ukrayna hakimiyyətində ciddi çaxnaşmanın və daxili parçalanmanın mövcud olduğunu sübut edir. Çünki Yermak Zelenskinin yaxın komandasının mərkəzi fiqurlarından biri, bəlkə də ən təsirli siması idi. O, faktiki olaraq “köhnə kabinetin lideri” hesab olunur və Ukraynanın siyasi həyatında “boz kardinal” kimi tanınırdı. Belə bir şəxsin vəzifədən uzaqlaşdırılması, sözsüz ki, Zelenski üçün mənfi nəticələr doğura biləcək addımdır. Bu həm komanda daxilində sarsıntı yaradır, həm də Zelenskinin siyasi dayaqlarının zəiflədilməsi anlamına gəlir".
Politoloq qeyd edir ki, hazırda Zelenski faktiki olaraq siyasi imtahan dövrünü yaşayır, bu imtahandan uğurla çıxmaq üçün onun müəyyən güzəştlərə getməsi labüddür:
"Və Yermakın vəzifədən uzaqlaşdırılması da məhz həmin güzəştlərdən biridir. Zelenski ya öz imicini qorumaq və Qərb dəstəyini davam etdirmək üçün antikorrupsiya tədbirlərinə açıq dəstək verməlidir, ya da daxili siyasi təzyiqlərin qarşısını almaq üçün komanda daxilində yenilənmələrə getməlidir. Parlamentdə bu məsələ intensiv şəkildə gündəmə gətirilir, xüsusilə Petro Poroşenko bloku ilə keçmiş baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi partiya arasında formalaşmış ittifaq Zelenski hakimiyyətini ciddi şəkildə sıxışdırır və antikorrupsiya məsələlərində onu küncə dirəyir.
Belə bir vəziyyətdə Zelenski həm xarici, həm də daxili siyasi arenada mövqelərini qorumaq üçün özünə ən yaxın müttəfiqlərdən belə imtina etməyə məcbur qalır. Yermak da məhz həmin fiqurlardan biridir və hətta ən güclüsü hesab olunurdu. Çünki o, faktiki olaraq Zelenskinin “sağ qolu”, bütün əsas siyasi proseslərin idarəedicisi kimi çıxış edirdi. Ukraynada qəbul olunan bir çox qərarlarda Yermakın rolu həlledici idi".
Politoloqun fikrincə, bu hadisədən sonra Ukrayna hakimiyyəti daxilində yeni istefalar, kadr dəyişiklikləri və struktur yenilənmələri mümkündür:
"Bəzi nazirlərin istefaları, həmçinin güc strukturlarının rəhbərləri ilə bağlı dəyişikliklər də gündəmə gələ bilər. Politoloji baxımdan bu, Zelenskinin həm öz imicini qorumaq, həm də hakimiyyətini möhkəmləndirmək üçün yeni imkan əldə etdiyi bir mərhələ kimi qiymətləndirilir.
Bununla belə, Yermakın siyasi arenadan tamamilə uzaqlaşdırılacağı inandırıcı görünmür. Böyük ehtimalla Zelenski gələcəkdə onu yenidən hansısa mühüm vəzifədə istifadə etməyə çalışacaq. Çünki Yermak komanda daxilində strateji əhəmiyyətə malik fiqurdur və Zelenskinin ona tamamilə arxa çevirməsi real hesab edilmir. Ola bilər ki, müəyyən müddətlik “sakitləşdirmə” dövründən sonra Yermak başqa bir nazirliyə rəhbər təyin edilsin və ya dövlət aparatında başqa bir yüksək vəzifəyə gətirilsin".
Xalidə Gəray
Musavat.com






