ABŞ və İsrailin İranda hakimiyyətin zirvəsinə endirdiyi zərbələr regionda yeni və qeyri-müəyyən mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, CNN-in baş beynəlxalq təhlükəsizlik müxbiri Nik Paton Volş (Nick Paton Walsh) bununla bağlı maraqlı analitik yazı qələmə alıb.
Onun fikrincə, Ali lider Ayətullah Əli Xameneinin aradan qaldırılması zahirən sadə həll kimi görünsə də, əslində son dərəcə mürəkkəb və riskli prosesin qapısını açıb.
Müəllif vurğulayır ki, Xameneinin hakimiyyəti illərlə repressiya, iqtisadi idarəetmədə uğursuzluq və sərt güc tətbiqi ilə yadda qalıb. Onun ölümündən sonra Tehranda həm bayram ovqatı, həm rəsmi 40 günlük matəm, həm də rejim tərəfdarlarının kütləvi aksiyaları müşahidə olunur. Lakin əsas sual budur: rejimdən qalan strukturlar bundan sonra hansı yolu seçəcək?
Hakimiyyət boşluğu və təhlükəli keçid
Analizdə ABŞ və İsrail İran rəhbərliyinin “yuxarı qatını” aradan qaldırmaqla vəziyyətin onların xeyrinə dəyişəcəyini hesab edildiyi vurğulanır. Xamenei ilə yanaşı müdafiə naziri Əziz Nəsirzadə, İran Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani və SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanı Məhəmməd Pakpurun qısa müddətdə öldürülməsi təhlükəsizlik elitasında ciddi boşluq yaradıb.
Lakin tarix göstərir ki, hava zərbələri ilə rejim dəyişiklikləri nadir hallarda hücum edən tərəfin arzuladığı nəticəni verib. Sərt xətt tərəfdarlarının hakimiyyət boşluğunu doldurmağa çalışacağı ehtimalı yüksəkdir. Onlar növbəti hədəf olmaq qorxusu ilə üzləşsələr də, bu, indiyə qədər iddiaçıların azalmasına səbəb olmayıb.
Müəllifə görə, nəzəri olaraq rejim daxilində konsensus yaranaraq ABŞ və regionla müvəqqəti “yumşalma” xətti seçilə bilər. Amma bu, Tehranın zəif görünməsi demək olar ki, rejim üçün qəbuledilməzdir.
Müxalifət faktoru və real alternativin yoxluğu
Yazıda xüsusi vurğulanır ki, ABŞ-ın asanlıqla dəstəkləyə biləcəyi hazır “keçid hökuməti” yoxdur. Şahın varisi Rza Pəhləvinin Tehrana qayıdışı real görünmür və SEPAH tərəfindən hədəfə çevrilə bilər. İran daxilində təşkilatlanmış vahid müxalifət strukturu demək olar ki, mövcud deyil.
47 il ərzində formalaşmış teokratik sistem tədricən avtoritar və kleptokratik modelə çevrilib. Ölkənin 90 milyondan çox əhalisinin əhəmiyyətli hissəsi dolanışıq baxımından rejimdən asılıdır. Digər bir hissəsi isə repressiya mexanizmlərinin birbaşa iştirakçısı olub. Bu strukturun birdən-birə dağılması asan deyil.
Ən böyük risk: parçalanma
Yazı müəllfinin fikrincə, əsas təhlükə mərkəzləşmiş keçid yox, fraksiyalararası parçalanma ola bilər. Hakimiyyət uğrunda daxili mübarizə və nəzarətsiz zorakılıq İranı yalnız daxili deyil, regional sabitsizliyə sürükləyə bilər.
Müəllif qeyd edir ki, ABŞ prezidenti Donald Trampın uzunmüddətli və mürəkkəb hərbi-siyasi proseslərə qarşı “allergiyası” bu riski daha da artırır. Onun məqsədləri məhdud və konkret olub: İranın nüvə proqramı, raket potensialı və ABŞ-a qarşı təzyiq imkanları zəiflədilib. Tramp rejim dəyişikliyini rəsmi məqsəd kimi elan etməyib, sadəcə bunu təşviq edib və istədiyi an “qələbə” elan edə bilər.
Sadə həll, mürəkkəb nəticə
Volşa görə, ABŞ və İsrail üstün texnologiya və kəşfiyyat imkanları sayəsində sürətli və effektli zərbə endirə bildilər. Lakin bu, yarım əsrdən çoxdur ABŞ üçün problem yaradan İranın dərin və çoxqatlı daxili reallıqlarını aradan qaldırmır.
Yəni, rəhbərliyin aradan qaldırılması problemi həll etmir – əksinə, yeni və daha mürəkkəb mərhələnin başlanğıcını qoyur. İranın gələcəyi isə hələ də açıq sual olaraq qalır.
Musavat.com






