İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela nefti qlobal bazarda nə vaxt ucuzluq yaradacaq? – İqtisadçı risk faktorundan danışır

999 05.01.2026 18:35 İqtisadiyyat A A

Nikolás Maduronun həbsi ilə bağlı xəbərlər qlobal siyasi gündəmdə ciddi rezonans doğursa da, neft bazarlarının reaksiyası nisbətən sakit oldu. Bunun əsas səbəbi Venesuelanın dünya neft bazarındakı real çəkisinin illər ərzində xeyli azalmasıdır. Ölkə dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik olsa da, mövcud hasilat səviyyəsi təxminən gündə 1 milyon barel civarındadır ki, bu da qlobal gündəlik neft təklifinin 1 faizindən də azını təşkil edir. Hazırda dünya bazarında təklif bolluğu mövcuddur və OPEC+ ölkələrinin hasilat siyasəti, ABŞ istehsalının yüksək səviyyəsi Venesuela kimi istehsalçıların təsir imkanlarını məhdudlaşdırır. Bu səbəbdən Maduronun həbsi xəbəri neft qiymətlərində yalnız qısamüddətli volatillik və psixoloji risk primi yaratdı, lakin kəskin qiymət sıçrayışı müşahidə olunmadı.

Orta müddətli perspektivdə əsas məsələ Venesuelada Maduradan sonrakı siyasi trayektoriyanın hansı istiqamətdə inkişaf edəcəyidir. Əgər ölkədə keçid hökuməti formalaşar və Qərblə münasibətlər normallaşarsa, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyaların mərhələli şəkildə yumşaldılması mümkündür.

d8703a1b-1509-4b9d-b36c-6437e52c1d8d.jpg (87 KB)

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a açıqlamasında bildirdi ki, Venesuela neftinin yenidən qlobal bazara qayıtması ilk baxışdan neft bazarlarında ciddi eniş yaradacaq kimi görünür: “Venesuela dünyada neft ehtiyatlarının 17.2 faizinə malik olmaqla, 304 milyard barellik ehtiyatla ölkələr arasında birinci yerdə qərarlaşıb. Bu ehtiyatların çoxluğu hazırda onların bazara çıxarılması fonunda risk ehtimalını artırır. Amma məsələ budur ki, ABŞ-nin hazırkı vəziyyətdə Venesuela neftini böyük ölçüdə bazara çıxarmaq imkanı yoxdur, mövcud infrastruktur qənaətbəxş deyil. Məhz bu faktora görə yaxın aylarda, hətta 2026-cı il ərzində biz Venesuela neftini böyük həcmdə qlobal bazarlarda görməyəcəyik. Bu gün ABŞ enerji administrasiyasının açıqladığı hesabatlarda gündəlik neft hasilatı 0,9 milyon barel olduğu bildirilirdi, hazırda isə sanksiyalar səbəbindən 0,4–0,5 milyon barel həcminə qədər azalıb. Yalnız 2027-ci ildən 1,2–1,5 milyon barel həcmində artırılması mümkündür. Digər tərəfdən, ən vacib məsələ budur ki, Venesuela nefti “Brent” və “Azəri Light” markalı neftlə müqayisədə daha keyfiyyətsizdir, çünki ağır neftdir, tərkibində qurğuşun, kükürd və digər elementlər var. Nəticədə istifadə üçün daha çox emaldan keçirilməsi zərurəti yaranır. Emal prosesi isə əlavə vəsait tələb edir. Bu səbəbdən də “Brent” markalı neftlə müqayisədə 12–15 dollar daha ucuz satılır. Bəzi risk faktorları səbəbindən hətta 20 dollar ucuz satıldığı məqamlar olub. Keyfiyyətsiz nefti emal etmək üçün Venesuelada komplekslər yaxşı vəziyyətdə deyil. Bu gün hasilat həcmi artsa belə, ixraca yönəlməsi çətindir. Quyuların istismarı üçün təmir işləri tamamlanmayıb. Hazırda bunun üçün böyük zaman və vəsait lazımdır. Bu səbəbləri nəzərə alaraq, Venesuela neftinin bazarlarda davamlı enişlərə səbəb olacağını düşünmürəm”.

İqtisadçı hesab edir ki, 2027-ci ildən sonra bazarlara 1,2–1,5 milyon barel neft hasil və ixrac oluna bilər. “Növbəti, yəni 2028-ci ildə isə 2, daha sonra 3 milyon barelə qədər neftin hasil olunması və ixraca yönəldilməsi mümkündür. Bundan sonra artıq bazarlar ciddi struktur şokları yaşaya bilər”, deyə o əlavə edib.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR