Venesuelanın vitse-prezidenti Delsi Rodrigez ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.
Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rodrigez Karakasın Vaşinqtonla əməkdaşlığa hazır olduğunu bildirib: "O, Marko ilə uzun söhbət edib və deyib ki, "Biz sizə lazım olan hər şeyi edəcəyik".
Tramp müxalifət lideri Maria Korina Maçadonun Venesuelanın yeni lideri olacağına şübhə ilə yanaşıb və ABŞ-ın onunla əlaqə saxlamadığını deyib.
Tramp bildirib ki, ABŞ Amerika neft şirkətləri üçün Venesueladan kompensasiya tələb edəcək.
Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, Venesueladakı əməliyyat zamanı bir Amerika təyyarəsi vurulub, lakin işlək vəziyyətdə qalıb. Maduronu ələ keçirən ABŞ xüsusi təyinatlıları öz bazalarına çəkilərkən dəfələrlə toqquşmaya girməyə məcbur olublar.
Trampın sözlərinə görə, Karakasa hücumdan əvvəl enerji təchizatı dayandırılıb ki, hava hücumundan müdafiə qüvvələri işə düşməsin.
Dövlət katibi Marko Rubio isə bəyan edib ki, dəfələrlə Nikolas Maduroya hakimiyyətdən uzaqlaşmaq, harada istəyir, orada yaşamaq təklif olunub: “Lakin o, oyun oynamağı seçdi və uduzdu. Trampla oyun oynamaq olmaz, mümkün deyil”.
Musavat.com






