ABŞ prezidentinin elçisi Stiv Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Qəzza zolağının yenidən qurulması üçün plan hazırlayıblar.
Musavat.com The Wall Street Journal –a (WSJ) istinadən xəbər verir ki, "Project Sunrise" layihəsi "bombalanmış anklavı parlaq bir metropolisə çevirmək" məqsədi daşıyır. Amerika tərəfi bunun 10 il və 112,1 milyard dollar tələb edəcəyini təxmin edir. Nəşr yazır ki, planda Qəzzanın yenidən qurulmasını hansı ölkələrin və şirkətlərin maliyyələşdirəcəyi, eləcə də 2 milyon fələstinlinin yenidənqurma zamanı harada yaşayacağı göstərilməyib.
The Wall Street Journal qəzetinin məlumatına görə, Vaşinqton bu layihədə əsas oyunçu olmağa hazırdır, "60 milyard dollar qrant ayrılmasını dəstəkləyir və bütün işləri yerinə yetirmək üçün kreditlər üçün zamin kimi çıxış edir". Plana əsasən, 10 ildən sonra Qəzza zolağı müstəqil şəkildə sonrakı yenidənqurma işlərini maliyyələşdirə və nəticədə kreditləri geri ödəməyə başlaya biləcək. Adı açıqlanmayan ABŞ rəsmisi qəzetə bildirib ki, təklif artıq "varlı Körfəz krallıqları, Türkiyə və Misir də daxil olmaqla potensial donorlara" təqdim edilib.
Vitkoff, Kuşner və bir neçə digər rəsmi şəxs son 45 gündür ki, plan üzərində işləyir və İsrail, özəl sektor nümayəndələri və podratçılarla məsləhətləşmələr aparır. Qəzetin yazdığına görə, ABŞ administrasiyasında bəzi şəxslər layihəyə şübhə ilə yanaşıblar. Onlar həm radikal HƏMAS-ın silahı yerə qoymaq istəyini, həm də Vaşinqtonun digər ölkələri "təhlükəli müharibədən sonrakı zonanı yüksək texnologiyalı şəhər məkanına" çevirmək üçün investisiya qoymağa inandırmaq şanslarını real hesab etmirlər.
Musavat.com






