İran konstitusiyasına görə, ali dini liderin qeyri-məhdud səlahiyyətləri var. Ölkənin daxili və xarici siyasətini də o müəyyənləşdirir. Silahlı qüvvələrin ali baş komandanı da odur. Ölkənin əsas hərbi gücü olan SEPAH və "Bəsic" birbaşa ali dini liderə tabe olsa da, hələ Əli Xameneinin zamanında belə, faktiki olaraq özünü sərbəst aparırdı. İqtisadi və maliyyə resurslarının əhəmiyyətli hissəsinə nəzarəti əlində saxlayırdı. Xameneinin öldürülməsindən sonra yaranan boşluq SEPAH-ın əl-qolunun daha da genişlənməsinə gətirib çıxardı. SEPAH ölkədə idarəetməni ələ keçirib, hətta prezidentin onsuz da elə də böyük olmayan səlahiyyətlərini mənimsədiyi barədə intensiv xəbərlər yayılır.
Bəs belə vəziyyətdə prezident Pezeşkian necə davranmalıdır? İstefa, yoxsa iradə ortaya qoymaq?
Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Pezeşkian sistemin mahiyyətini və nizamını yaxşı bilir. Onun səlahiyyətlərinin daraldılması səbəbindən istefa verməsi yanlış qərar olardı:
“ABŞ/İsrail-İran müharibəsində və müharibədən sonra yaranmış vəziyyətdən SEPAH generalları sui-istifadə edərək hərbi rejimə keçdi. Bütün qərarların verilməsində söz sahibinə çevrildilər. Zatən müharibəyədək də onların həm dövlətin idarə edilməsində, qərarların qəbulunda və cəmiyyət üzərində ciddi təsirləri vardı. Nüfuzlu generalların məhv edilməsindən sonra həmin mövqe bir qədər zəiflədilsə də, yenə güclənməkdədir. İran cəmiyyətində xof da qalmaqdadır. Fikrimcə, yaranmış durum Pezeşkianın mövqelərinin möhkəmlənməsi üçün münbit şərait yaradır. Prezident danışıqlarda konstruktiv mövqe sərgiləyir və reallıqları düzgün qiymətləndirir.

ABŞ-ın da Pezeşkianla problemi yoxdur. Əksinə, problemlər mühafizəkar qanadla qalmaqdadır. Proseslərin bu cür davamı isə gec-tez mühafizəkarlar, ali dini lider və SEPAH xəttində dərin çatlar yaratmaqdadır. Bu iki güc bir-birindən asılı olsalar da, həm də bir-birinə rəqibdirlər. Bu vəziyyət getdikcə Pezeşkianın mövqelərini gücləndirəcək və həm İranın, həm də ABŞ-ın prezident Pezeşkiana ehtiyacı artacaq”.
Ə.Orucov hesab edir ki, İran-ABŞ qarşıdurmasını həll edə biləcək simanın Pezeşkian olacağı ehtimalı getdikcə daha da güclənir:
“Bütün bunlara görə də məncə, Pezeşkianın istefası yox, təşəbbüsü və məsuliyyəti öz üzərinə götürməsi doğru seçim olardı”.
Etibar Seyidağa,
Musavat.com






