İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanalarda PROBLEM - Vətəndaş saatlarla gözləyir, sistem isə hələ də hazır deyil

1120 26.12.2025 20:18 Gündəm A A

Azərbaycanda səhiyyə müəssisələrində uzun növbələr uzun müddətdir ictimai narazılıq doğuran əsas problemlərdən biri olaraq qalır. Xüsusilə icbari tibbi sığortanın tətbiqindən sonra poliklinika və xəstəxanalarda yaranan sıxlıq bu məsələni daha da aktuallaşdırıb.

Musavat.com xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında deputat Naqif Həmzəyev çıxışı zamanı növbə problemini gündəmə gətirərək, bəzi dövlət qurumlarında tətbiq olunan elektron həllərin uğursuzluğuna diqqət çəkib.

Deputat bildirib ki, ASAN xidmətin elektron növbə sistemi uzun illərdir problemsiz işlədiyi halda, bir sıra sahələrdə fərqli və səmərəsiz yanaşmalar vətəndaşların çətinliklə üzləşməsinə səbəb olur. Onun sözlərinə görə, xəstəxana və poliklinikalarda rəqəmsal növbə mexanizmlərinin tətbiqi ləng gedir və bu da real vəziyyətdə ciddi narahatlıq yaradır.

Naqif Həmzəyev qeyd edib ki, müasir dövrdə kağız daşıyıcılar və köhnə üsullarla növbə təşkilinə cəhd effektiv deyil. Deputat “MyGov” platformasında səhiyyə xidmətlərinin genişləndirilməsinə və tibbi müəssisələrdə vahid elektron növbə sisteminin tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, səhiyyə müəssisələrində növbə problemi vətəndaşların uzun müddətdir şikayət etdiyi mövzulardandır. Bir çox insanlar bildirirlər ki, icbari tibbi sığortaya aylıq ödəniş etmələrinə baxmayaraq, uzun gözləmə müddətinə görə özəl klinikalara üz tutmaq məcburiyyətində qalırlar.

Mövzu ilə bağlı Musavat.com-a danışan tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, icbari tibbi sığorta sistemi dünya təcrübəsində əsasən əvvəlcədən planlaşdırılmış qəbul – randevu mexanizmi üzərində qurulur. Onun sözlərinə görə, Azərbaycanda bu mexanizmin tam tətbiq edilməməsi növbələrin yaranmasının əsas səbəblərindən biridir.

Professor vurğulayıb ki, həkim qəbulunun müəyyən vaxt çərçivəsində təşkili həm pasiyent, həm də həkim üçün vacibdir: “Bir həkim gün ərzində məhdud sayda pasiyenti keyfiyyətli şəkildə qəbul edə bilər. Müayinə, analizlərin öyrənilməsi və qərarların verilməsi vaxt tələb edir. Randevu sistemi olmadıqda isə həm həkim yüklənir, həm də vətəndaş saatlarla gözləməli olur”. Adil Qeybulla hesab edir ki, icbari tibbi sığortanın effektivliyi üçün Qərb standartlarına uyğun idarəetmə mexanizmlərinin qurulmasına ehtiyac var.

Bu müzakirələr fonunda bir neçə gün əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova xəstəxanalardakı növbələrlə bağlı məsələyə münasibət bildirib. O, mediaya açıqlamasında deyib ki, hazırda poliklinikalarda yeni elektron növbə sistemi üzərində iş aparılır və artıq Hövsan Ailə Sağlamlıq Mərkəzində bu sistem istifadəyə hazır vəziyyətə gətirilib.

Zamirə Ədilovanın sözlərinə görə, yeni mexanizm əvvəlki sistemlərdən fərqli olaraq daha çevik və funksionaldır və hazırda texniki sınaq mərhələsindədir. O bildirib ki, sistemin tətbiqi növbələrin optimallaşdırılmasına və pasiyentlərin tibbi xidmətə daha qısa müddətdə çıxışına imkan verəcək.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR