İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə itən 45 yaşlı balıqçının yaxınları nazirdən kömək istəyir - FOTO

891 07.05.2026 12:36 Ölkə A A

“Mayın 13-də Rahimin itkin düşməsinin 1 ayı tamamlanacaq. Hər gün ondan soraq gözləyirik. Ümidimiz fövqəladə hallar naziri Kəmaləddin Heydərovadır. O göstəriş versə, bəlkə də Rahimi dənizdən taparlar”, - bu sözləri Musavat.com-a bu il aprelin 13-də Xəzər dənizində itkin düşən 45 yaşlı Rahim Ramiz oğlu Osmanovun həyat yoldaşı Fatimə Əliyeva deyib.

Onun sözlərinə görə hadisə baş verən gün həyat yoldaşı Rahim Osmanov qardaşı oğlu ilə birlikdə balıq ovuna çıxıb. Onlar sahildən 20-25 kilometr aralıda, “Neft daşları” istiqamətində yerləşən estakada yaxınlığında ovda olublar. Həmin vaxt dənizdə güclü külək və dalğa müşahidə edilib. Fatimə Əliyeva deyir ki, dənizdə güclü külək səbəbindən qayıq yararsız hala düşüb, içinə su dolmağa başlayıb. Rahim Osmanov özünü və qardaşı oğlunu xilas etmək üçün “Neft daşları”nın estakadasına yan alıb. Özü estakadaya qalxıb, qardaşı oğlu qalxarkən onun ayağı qayıqla estakada arasında qalaraq əzilib.

“Qardaşı oğlu deyib ki, əmi, ayağım sındı. Külək güclü olduğundan dalğa qayığı yuxarı qaldıraraq zərblə estakadaya çırpıb. O zaman qardaşı oğlu estakadaya çıxmağa çalışırmış, həmin vaxt ayağı zədələnib. Rahim qayığa qayıdıb, qardaşı oğlunu estakadaya qaldırıb, elə həmin vaxt qayıq çevrilərək batıb. Rahim də qayıqla bərabər suyun dibinə gedib. Deyirlər ki, orada dərinlik 35 metrdir, ona görə də axtarıb tapmaq çətindir”, - həyat yoldaşı Rahim Osmanovun dənizdə itkin düşməsi ilə bağlı hadisənin təfərrüatlarını açıqlayarkən deyib.
Ailə üzvlərinin dediyinə görə, hadisə zamanı yaxınlıqdakı estakadadan Rahimi xilas etmək üçün ip də atılıb. Lakin o, kəndiri tuta bilməyib: “Oradakıların gözünün qabağında arxası üstə suya düşüb. Cəmi bir neçə saniyəlik hadisə olub. İp atıblar ki, tutub çıxarsınlar, amma bacarmayıb...”

Fatimə Əliyevanın sözlərinə görə, hadisədən dərhal sonra axtarışlara başlanıb, aprelin 14-də helikopter və gəmi ilə axtarış işləri aparılıb: “Aprelin 14-dən bu günə qədər müraciət etmədiyimiz yer qalmayıb. 102-yə, fövqəladə hallara, hər yerə zəng etmişik. Hamı deyir müraciət qeydə alındı. Amma ortada nəticə yoxdur. Deyirlər özü tapılmalıdır...”
Fatimə Əliyeva deyir ki, Rahim Osmanov uzun illər balıqçılıqla məşğul olub. Ailə üzvlərinin sözlərinə görə, əsas dolanışıq mənbəyi də məhz balıqçılıq idi. 45 yaşlı balıqçının 3 övladı var. Ailə üzvləri aidiyyəti qurumlardan axtarışların intensivləşdirilməsini istəyirlər.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR