Ekspert: “Onun bəyanatlara reaksiya verilmirsə, tənbeh edilmirsə, deməli anti-Azərbaycan fəaliyyətindən məmnundurlar”
Xəbər verdiyimiz kimi, fevralın 6-da Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimova etiraz notası təqdim edib.
Səbəb Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin rus və erməni şovinist dairələrə məxsus “Lazarevski klubu” vasitəsilə yaydığı bəyanatda Azərbaycanda törətdikləri cinayətlərə görə məhkum olunan erməni separatçılarına dəstək ifadə etməsidir.
Zatulin isə RTVI-yə verdiyi açıqlamada Azərbaycan XİN-in notasına yenə də həyasız və qudurğan münasibət bildirib. Zatulin guya etiraz notasının məzmunundan xəbərsiz olduğunu qeyd edib. O, yazıçı Mark Tvenə məxsus olduğunu iddia etdiyi bir sitatı xatırladadaraq, həddini yenə aşıb və Bakının ünvanına hədyanlar səsləndirib.
Bəs Zatulin kimə arxayındır ki, ardıcıl şəkildə Azərbaycanı hədəfə alır? Bu bəyanatlar şəxsi təşəbbüsdür, yoxsa Kreml xəttinin açıq davamı?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, Kreml Zatulinin ardı-arası kəsilməyən bəyanatlarından açıq şəkildə məmnun görünür:
"Zatulin faktiki olaraq Rusiyanın xarici təbliğat maşınının bir qolu kimi çıxış edir. Zatulinin ritorikası və açıqlamaları vasitəsilə Azərbaycana qarşı psixoloji-siyasi təzyiq mühiti formalaşdırmaq, müxtəlif təxribat xarakterli mövzuları gündəmə gətirməklə ictimai rəyi silkələmək və bunun fonunda Bakını təsir dairəsinə salmaq cəhdləri aydın sezilir. Əslində, Kremlin başqa bir dövlətin daxili işlərinə qarışmaq, məhkəmə orqanlarının çıxardığı qərarlara rəy bildirmək, həmin qərarları “ekspertizadan keçirmək” kimi heç bir hüquqi və ya siyasi səlahiyyəti yoxdur. Bu cür davranışlar diplomatik etikaya da, beynəlxalq hüququn prinsiplərinə də ziddir. Lakin Zatulinin çıxışlarında məqsəd hüquqi arqumentlər deyil, məhz aranı qızışdırmaq, informasiya fonunda gərginlik yaratmaq və Cənubi Qafqazda zamanla itirilmiş təsir imkanlarını tədricən bərpa etmək kimi siyasi xəyallardır".
Qabil Hüseynli vurğulayıb ki, bu kontekstdə Azərbaycanın etiraz notası təqdim etməsi tam məntiqli və adekvat addımdır:
“Xüsusilə Rusiyada son dövrlər ardı-arası kəsilməyən həbslər, tanınmış şəxslərin saxlanılması və hətta həbs şəraitində ölümü ilə bağlı yayılan məlumatlar fonunda rəsmi Bakının mövqeyi həm diplomatik, həm də prinsipial baxımdan əsaslıdır".

Politoloq Elxan Şahinoğlu da qeyd edib ki, məsələ ilə bağlı Kreml heç bir tədbir görməyəcək, çünki Zatulin kimilərdən faydalanmağa üstünlük verir:
"Azərbaycanın ən çox nota verdiyi ölkələr içərisində Rusiya ilk sıralarda yer alıb. Bunun özü iki ölkə arasında münasibətlərin mövcud durumundan xəbər verir.
Zatulin hakim “Vahid Rusiya” Partiyasının üzvüdür. Onun bəyanatlara reaksiya verilmirsə, tənbeh edilmirsə, deməli anti-Azərbaycan fəaliyyətindən məmnundurlar. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı bu cümləylə bitib: “Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb”. Kreml heç bir tədbir görməyəcək, çünki Zatulin kimilərdən faydalanmağa üstünlük verir. Rusiyanın siyasətində dəyişiklik olmayacaq. Həmişəki kimi, bir-birinə düşmən mövqedə olan Zatulinlərlə Qərbin bəzi mərkəzləri erməni separatçılarına dəstək məsələsində yenə eyni mövqedən çıxış ediblər".
Xalidə Gəray,
Musavat.com






