Xəbər verildiyi kimi, AXCP sədri Əli Kərimli və ona yaxın olan bir neçə partiya funksioneri saxlanılıb. Bu ilin oktyabrında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başladılan istintaq hərəkətləri ilə bağlı həm də Milli Şuranın faktiki lideri sayılan Əli Kərimlinin evində axtarış aparılıb. Hazırda onun DTX-də saxlanıldığı bu proses ətrafında gedən xəbərlər sırasındadır.
Qeyd edək ki, Əli Kərimlinin Ramiz Mehdiyevin müxalifətdəki əsas dayağı olması barədə zaman-zaman fikirlər səslənib. Hətta ara-sıra Mehdiyevin tapşırığı ilə Bakının mərkəzində mitinq şouları təşkil etdiyi haqda iddialara da az rast gəlinməyib. Bunun da bariz sübutu kimi, AXCP liderinin 2019-cu ilin yanvarın 19-da, daha konkretləşdirsək, 20 Yanvar faciəsinə bir gün qalmış bloger Mehman Hüseynovla bağlı paytaxtın "Məhsul" stadionunda keçirdiyi aksiyanı xatırlada bilərik.
Bir faktı da xüsusi qeyd edək ki, Rusiyanın Ukrayna ilə müharibəsi bitdikdən sonra Kremlin Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etməyə çalışacağı şübhəsizdir. Bu məqsədlə isə Cənubi Qafqazın lider ölkəsi Azərbaycanda özünə bağlı qüvvələrdən, daha konkret desək, Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə ediləcəyi dəqiqdir.
Qeyd olunan prosesdə radikal davranışları ilə daim seçilən, həmişə Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edən AXCP-nin öndə gedəcəyi heç vaxt istisna edilməyib. Bununla bağlı tarixi bir təcrübə də mövcuddur. 2013-cü ildəki prezident seçkiləri ərəfəsində Əli Kərimlinin "Milyarderlər ittifaqı" fonunda Rusiya ilə əlaqələrə cəhd etdiyi dövr hələ hafizələrdən silinməyib.
Bütün bunlardan çıxış etsək, Azərbaycan dövlətinin qeyd olunan səbəblərdən AXCP-nin vaxtında zərərsizləşdirilməsi üçün atdığı addımlar dövlət təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Ramiz Mehdiyevin uzun illər boyu ölkənin siyasi sistemində tutduğu gizli mövqe onun real məqsədlərinin dövlət maraqları ilə uyğun gəlmədiyini açıq şəkildə göstərir:
"Mehdiyevin bütün dövrlərdə yeganə məqsədi ölkənin siyasi sabitliyini gücləndirmək yox, əksinə, idarə olunan gərginlik mühiti formalaşdırmaqla mövqelərini qorumaqdan ibarət olub.
Ramiz Mehdiyev illərlə saxta, yalan məlumatlarla, süni siyasi səhnələr quraşdırmaqla, daxildəki və xaricdəki nüfuz müvəkkilləri vasitəsilə statusunu qoruyub saxlamağa çalışıb. O və onun kimilər Azərbaycanın çoxsaylı istedadlı, yaradıcı insanlarının ömrünü yeyiblər, insanların dövlətə olan sevgisini dağıdıcı qəzəbə çevirmək istəyiblər.
Ramiz Mehdiyev Azərbaycan dövlətinin idarəçilik sistemində bütün müsbət yenilikləri, tərəqqini, yaradıcı təşəbbüskarlığı udan "qara dəlik" rolunu oynayıb, ölkədə etimadlı siyasi münasibətlərin formalaşmasına, çoxpartiyalı sistemin inkişafına süni maneələr yaradıb. Bunu bacarmayanda isə ölkənin siyasi sisteminin inkişafına xidmət edən bütün addımların formal xarakter daşımasına səy göstərib, islahatçı təşəbbüslərin və real addımların gözdən salınmasına, iflasa uğramasına çalışıb, sistemdənkənar "əyləc" funksiyasını yerinə yetirib.
Radikal çıxışlar, davamlı mitinq tələbləri, hakimiyyətə qarşı əsassız və aqressiv ritorika, Azərbaycanın dövlət maraqları ilə ziddiyyət təşkil edən hərəkətlər də məhz Mehdiyev tərəfindən stimullaşdırılıb. "Boz kardinal"ın interpretasiyasında Əli Kərimli formaca müxalifət kimi təqdim olunsa da, mahiyyət etibarilə Mehdiyevin siyasi manipulyasiya oyununda icraçı fiqur rolunu oynayıb.
Ramiz Mehdiyevin hazırda siyasi səhnədən kənarda olması və ev dustaqlığı onun əlaqələrinin və şəbəkələrinin tamamilə yox olduğu anlamına gəlmir. Onun illərlə formalaşdırdığı təsir şəbəkələri hələ də xarici dairələrin manipulyasiya cəhdləri üçün əlverişli zəmin yarada bilər. Bu kontekstdə AXCP-nin davranışları xüsusilə nəzərə alınmalıdır. Partiya zaman-zaman ifrat radikal mövqeyi, destruktiv siyasi dili, hətta milli məsələlərdə belə qeyri-adekvat çıxışları, düşmənçilik ritorikası ilə özünü ziddiyyət və qarşıdurma mərkəzi kimi göstərib. Bu isə onu xarici qüvvələr üçün istifadə edilə bilən alətə çevirib.
Bu mənzərə fonunda Mehdiyevin "şinel"indən çıxan Əli Kərimli və onun AXCP-sinin vaxtında zərərsizləşdirilməsi, radikal şəbəkələrin dağıdılması və onların xarici təsir alətlərindən uzaqlaşdırılması dövlət təhlükəsizliyi baxımından da həyati əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın bugünkü gücü, yəni ölkənin ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin möhkəmlənməsi, siyasi sabitliyin davamlılığı məhz daxili vəhdətə, vahid strateji hədəflər ətrafında milli birliyə əsaslanır.
Bu birliyi pozmaq istəyən qüvvələr qarşısında dövlətin qəti mövqeyi həm siyasi sistemin, həm də milli təhlükəsizliyin ən önəmli təminatıdır".
Cavanşir ABBASLI
Musavat.com






