Məlum olduğu kimi, 7 iyun tarixində I və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci cəhdi keçiriləcək. Artıq bu imtahana sayılı günlər qalıb və abituriyentlər arasında ən çox müzakirə olunan suallardan biri dəyişməz qalır: bu dəfə imtahan sualları çətin olacaq, yoxsa nisbətən asan?
Xatırladaq ki, mart və aprel aylarında keçirilmiş buraxılış imtahanları geniş müzakirələrə səbəb olmuşdu. Bir çox abituriyent və valideynlər sualların gözləniləndən daha çətin olduğunu bildirərək narahatlıqlarını ifadə edirdilər. Xüsusilə riyaziyyat və məntiq tipli sualların səviyyəsi ilə bağlı fərqli yanaşmalar ortaya çıxmışdı.
Lakin vəziyyət sonrakı imtahanlarda müəyyən qədər dəyişdi. 24 may tarixində II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının birinci cəhdində sualların nisbətən daha balanslı və bir çox abituriyentin fikrincə daha “anlaşılan” olduğu qeyd edildi.
İndi isə bütün diqqətlər 7 iyun imtahanına yönəlib.
![]()
Bəs təhsil ekspertlərinin bu imtahandan hansı gözləntiləriniz var?
Təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a qeyd edib ki, bu imtahanda iştirak edən ümumi abituriyent sayı ötən illərlə müqayisədə daha çoxdur: “Abituriyentlər 7 iyun tarixində həm I, həm də IV ixtisas qrupları üzrə imtahan verəcəklər. Eyni zamanda, III ixtisas qrupunun coğrafiya fənni üzrə imtahan verəcək abituriyentləri də həmin gün imtahanda iştirak edəcəklər. Ümumilikdə 51 729 abituriyentin imtahanda iştirakı gözlənilir. Onlardan 34 011 nəfəri I ixtisas qrupu üzrə, 6 524 nəfəri IV ixtisas qrupu üzrə, 11 194 nəfəri isə III ixtisas qrupu üzrə coğrafiya fənnindən imtahan verəcək abituriyentlərdir. II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanlarla müqayisə etdikdə hesab edirəm ki, 7 iyunda keçiriləcək imtahanda da yenə müəyyən qədər asanlıq müşahidə olunacaq”.
Ekspert qeyd edib ki, buraxılış imtahanları ilə müqayisədə blok imtahanları abituriyentlər üçün bir qədər daha əlverişli və nisbətən asan hesab olunur: “Buraxılış imtahanlarında çətinlik səviyyəsi müəyyən qədər hiss olunurdusa, bu il keçirilən blok imtahanlarında demək olar ki, bütün fənlər üzrə nisbi asanlıq müşahidə edilir. Bu baxımdan, 7 iyunda keçiriləcək imtahanlarla bağlı gözləntimiz ondan ibarətdir ki, həm I, həm də IV ixtisas qruplarında, eləcə də III qrup üzrə coğrafiya fənnindən keçiriləcək imtahanlarda abituriyentlər təqdim olunan sual tapşırıqlarını daha rahat və asan şəkildə yerinə yetirmək imkanına malik olacaqlar”.

E.Əfəndinin fikrincə, bu ilin blok imtahanlarında yüksək nəticə göstərənlərin sayı daha çox ola bilər. “Xüsusilə də 400 bal və daha yüksək nəticə əldə edən abituriyentlərin sayının əvvəlki illərlə müqayisədə artacağı gözlənilir”,_ deyə ekspert bildirib.
Mütəxəssis qarşıdakı ikinci cəhd imtahanlarından da danışıb: “İkinci cəhd imtahanlarının da tarixləri artıq müəyyənləşdirilib. Belə ki, 5 iyul tarixində II və III ixtisas qrupları üzrə, 12 iyul tarixində isə I və IV ixtisas qrupları üzrə imtahanlar keçiriləcək. Həmçinin III qrup üzrə coğrafiya fənnindən imtahan da həmin tarixdə təşkil olunacaq. Həmin vaxta qədər abituriyentlər hazırlıqlarını daha ciddi şəkildə davam etdirsələr, nəticələrində əhəmiyyətli irəliləyiş əldə edə bilərlər. Mövcud nəticələrlə müqayisədə onların ballarında minimum 50, maksimum isə 150 bala qədər artım müşahidə oluna bilər. Təbii ki, bu göstəricilər hər bir abituriyentin hazırlıq səviyyəsindən, məsuliyyətli yanaşmasından və qarşıdakı müddətdə sərf edəcəyi əməkdən birbaşa asılı olacaq”.
Xalidə Gəray
Musavat.com






