İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Çin süni intellekt savaşında yeni mərhələ başlayır

715 09.12.2025 14:08 Dünya A A

ABŞ prezidenti Donald Tramp dünyanın ən güclü çip istehsalçılarından biri olan Nvidia-ya özünün təkmil süni intellekt çipi H200-ü Çindəki “təsdiqlənmiş müştərilərə” satmaq üçün yaşıl işıq yandırıb.

Musavat.com xəbər verir ki, bu qərar qlobal texnologiya müharibəsinin istiqamətini dəyişmək gücündədir.

Bu, bir şirkətə verilmiş icazədən daha çox ABŞ-Çin süni intellekt savaşı fonunda qaydaları yenidən yazmaq cəhdidir.

Tramp sosial şəbəkə hesabında “Biz milli təhlükəsizliyi qoruyacağıq, iş yerləri yaradacağıq və Amerikanın süni intellekt liderliyini saxlayacağıq”, - deyə yazıb.

Əslində isə bu açıqlamanın arxasında böyük bir siyasi, iqtisadi və geosiyasi ticarət dayanır. Çünki söhbət sadəcə çipdən yox, XXI əsrin strateji güc valyutasından gedir.

Son 3 ildə dünyanın texnoloji nəbzini Nvidia müəyyən edir. Onun Blackwell və H200/ H20/ H2O ailəsinə aid çipləri süni intellektin “beyni” hesab olunur. ChatGPT-dən tutmuş hərbi dronlara, robot ordularından kibertəhlükəsizlik sistemlərinə qədər bütün AI sənayesi bu çiplər üzərində qurulub.

ABŞ-Çin texnoloji müharibəsinin mərkəzində də məhz buna görə Nvidia çipləri var. Süni intellekt çipləri bugün dünyada iqtisadiyyatın rəqəmsal transformasiyasına, qlobal süni intellekt yarışına, kütləvi məlumatların emalına, hərbi texnologiyaların avtomatlaşdırılmasına, dron və raket sistemlərinin idarə edilməsinə birbaşa təsir edən strateji silah sayılır. Bu səbəbdən Çin də, ABŞ da bu çiplərə sahib olmağı milliyyət təhlükəsizliyi məsələsi kimi dəyərləndirir.

Nvidia son 3 il ərzində tarixi bir geosiyasi “karuselə” düşüb. ABŞ Ticarət Departamenti Nvidia-nın A800/H800 çiplərinin Çinə ixracını qadağan etdi. Bu, ilk ciddi sanksiya idi. H2O çipi də qadağaya düşdü, Nvidia 5,5 milyard dollar itki yazdı. Çin bazarında satışlar kəskin azaldı. Pekin Nvidia-nı arxa qapı iddiaları ilə ittiham etdi, çipləri təhlükəsiz saymadı, yerli şirkətlərə H20/H2O almağı dayandırmağı tapşırdı.

Nvidia və AMD ABŞ-a bəzi çip satışlarından 15 faiz ödəniş etməyə razılaşdı. H200 çiplərinə Çinə yenidən satış icazəsi verilir, amma bu dəfə 25 faiz ödəniş şərti ilə. Bu addım həm Çinlə iqtisadi münasibətlərin müəyyən dərəcədə yumşaldılması, həm də ABŞ xəzinəsinə yeni gəlir kanalı yaratmaq kimi qiymətləndirilir.

Trampın qərarının iki əsas “üzü” var. Nvidia kimi nəhənglərin Çin bazarından tam imtina etməsi şirkətin özünün də, ABŞ iqtisadiyyatının da ziyanına idi. H200 kimi çiplərin satışı yüz milyonlarla, bəzən milyardlarla dollar gəlir gətirir. Tramp bu gəlirin bir hissəsini vergi yox, dövlət rüsumu kimi alır. Bu, həm texnologiya şirkətlərinin maraqlarını qoruyur, həm də ABŞ xəzinəsinin maraqlarına xidmət edir.

Bu addım həm də Pekinə yönəlmiş kontrollu jest kimi qəbul olunur. ABŞ Çinə ən qabaqcıl çipləri vermir, amma bir nəsil geridə olan H200-ü müəyyən şərtlərlə sata biləcəyini də gizlətmir.

Çin tərəfi də bu jestə dərhal müsbət reaksiya verdi. Çin illərdir süni intellekt və çip sənayesində özünü ABŞ-dan asılı vəziyyətdən çıxarmağa çalışır.

Hazırda Pekinin strategiyası 3 mərhələdən ibarətdir:

1. Qısa müddətdə - ABŞ çiplərindən tam imtina etmədən, minimum səviyyədə asılılığı saxlamaq;

2. Orta müddətdə - Huawei və SMIC kimi şirkətlərin yaratdığı yerli AI çiplərini genişləndirmək;

3. Uzun müddətdə - öz AI ekosistemini qurub ABŞ-ı geridə buraxmaq.

Pekin bunun siqnallarını artıq verib. Huawei-nin Ascend seriyalı çipləri H20 səviyyəsinə yaxınlaşır; Çin bazarında yerli istehsal daha təhlükəsizdir kampaniyası gedir; xarici çiplərə təhlükəsizlik araşdırmaları ardı-arası kəsilmir.

ABŞ-ın yeni icazəsi Pekinin daha rahat nəfəs almasına xidmət etsə də, strategiyanı dəyişmir: Çin ABŞ çiplərindən asılılığı minimuma endirəcək.

ABŞ Çin Xalq Azadlıq Ordusunun süni intellekt sahəsində daha sürətli irəli getməsinə imkan verə biləcəyindən narahatdır. Aİ çipləri Çində hərbi dronların idarə edilməsi, raketlərin hədəf tanıması, döyüş meydanlarında real vaxt analizləri, robot orduların idarə olunması kimi sahələrdə aktiv istifadə olunur. Bu səbəbdən ABŞ Konqresindəki “şahinlər” Trampın qərarından ciddi narazıdırlar. Onlar hesab edirlər ki, ABŞ çiplərinin Çinə hər hansı şəkildə verilməsi Pekinə hərbi üstünlük qazandıra bilər.

ABŞ siyasətçilərinin ən böyük qorxularından biri Çinin “nadir torpaq mineralları” sahəsindəki hegemonluğudur. Bu minerallar smartfonlar, elektrik avtomobilləri, raket sistemləri, radarlar, hərbi sənaye avadanlıqlarında, AI çiplərinin istehsalında kritik rol oynayır.

Trampın qərarı qlobal süni intellekt savaşında yeni bir səhifə açır. Bu addım nə ABŞ-ın tam qələbəsi, nə də Çinin tam geri çəkilməsi deyil. Bu, iki nəhəngin bir-birilə “kontrollu gərginlik” rejimini davam etdirməsi, Nvidia-nı isə bu mübarizənin mərkəzində saxlaması deməkdir.

Dünyanın ən vacib texnoloji resursu olan AI çipləri artıq siyasət, təhlükəsizlik və hərbi güc balansının ayrılmaz hissəsidir. Bu savaşın sonu görünmür.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR