Rusiyanın geri dönüşünün başlanğıcında isə Suriyada ölkədaxili hərbi-siyasi xaosun dərinləşməsi Kremlin bu ölkəni artıq növbəti dəfə parçalanma istiqamətinə sürükləyə biləcəyini göstərir... Əgər, Ağ Evin reallaşdırmağa çalışdığı ssenari geriyədönməz xarakter alarsa, Suriyada İsrailin də iştirakı ilə ABŞ-Türkiyə-Rusiya üçbucağında olduqca təhlükəli toqquşmalar qaçılmaz ola bilər...
Yaxın Şərqdə geopolitik balans artıq ciddi şəkildə pozulub. Bu regionda İsrail-Türkiyə qarşıdurması da ən yüksək həddə çatıb. Bütün bunlara paralel olaraq da Yaxın Şərqin önəmli ölkələrindən olan Suriyanın daxili parçalanma riski son vaxtlar təhlükəli səviyyədə artıb.
Onu da qeyd etmək lazımdır ki, Suriyanın xarici işlər naziri Əsəd Şeybani və müdafiə naziri Murhaf Əbu Kəsranın Rusiyaya gözlənilməz səfəri regional diplomatiyada yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu səfər Türkiyənin xarici işlər və müdafiə nazirləri, eləcə də, MİT rəhbərinin Dəməşqə rəsmi ziyarətindən dərhal sonra baş tutub. Rəsmi açıqlamalarda bu səfərin konkret məqsədi açıqlanmasa da, prezident Vladimir Putinin “Rusiyanın Suriyada sülh vasitəçiliyində iştirak edəcəyi” barədə bəyanatı Kremlin Yaxın Şərqdə yenidən aktiv rol almağa hazırlaşdığını göstərir.
Məsələ ondadfır ki, Rusiya Yaxın Şərqdə İsrail və Türkiyə arasında balanslaşdırıcı qüvvə kimi çıxış etmək niyyətində olduğunu sezdirir. İsrail mətbuatının yaydığı məlumata görə, rəsmi Dəməşq Rusiyanın Suriyada yenidən əsas balanslaşdırıcı aktor rolunu üzərinə götürməsində maraqlıdır. Xüsusilə də, Türkiyə və İsrail arasında Suriyanın cənubunda yaranan gərginliyin idarə olunması kontekstində bu məsələ kifayət qədər aktual görünür.
Maraqlıdır ki, bəzi məlumatlara görə, Suriya hakimiyyəti Rusiyaya Colan təpələri istiqamətində hərbi mövcudluq təklif edir. Əsas məqsəd isə faktiki təhlükəsizlik zonasının yaradılması və buna paralel olaraq, İsrail-Suriya münasibətlərinin normallaşdırılması üçün vasitəçilik mexanizminin işə salınmasıdır. Nə qədər qəribə də olsa, bu variant İsrail tərəfindən də dəstəklənir və iddialara görə, ABŞ-ın razılığı ilə həyata keçirilə bilər.
Əslində, bu, Rusiya üçün qətiyyən yeni model deyil. 2018-ci ildə İordaniyanın paytaxtı Əmmanda aparılan danışıqlardan sonra Rusiya Colan təpələri yaxınlığında yerləşərək, İranın nəzarətində olan silahlı qrupların İsrailə raket hücumlarının qarşısını almaqla, regionda nisbi sabitlik yarada bilmişdi. İndi oxşar mexanizm artıq diktator Bəşər Əsədin devrilməsindən sonrakı Suriyada gündəmə gətirilməyə başlayıb. Və bu dəfə isə əsas məqsəd Türkiyə-İsrail hərbi toqquşmasının qarşısını almaqdan ibarətdir.
Xatırladaq ki, bu ilin aprel ayında Suriyada Türkiyə və İsrail hərbi qüvvələri arasında birbaşa qarşıdurma riski yaranmışdı. Daha sonrakı aylarda isə oxşar təhlükəli insidentlər bir neçə dəfə təkrarlanmışdı. Buna paralel olaraq, ABŞ-ın vasitəçiliyi ilə aparılan İsrail-Suriya danışıqları da məhz cənub bölgələrinin təhlükəsizliyi məsələsində ortaya çıxan ziddiyyətlər səbəbindən artıq dalana dirənmiş kimi görünür.
Məsələ ondadır ki, İsrail diktator Bəşər Əsədin devrilməsindən sonra nəzarətə götürdüyü Suriya ərazilərini, o cümlədən də, doqquz hərbi postu tərk etmək niyyətində deyil. Rəsmi Tel-Əviv açıq şəkildə bildirir ki, yalnız tamhüquqlu sülh sazişi imzalandığı halda, 1974-cü il sərhədlərinə qayıdış mümkün ola bilər. Ağ Ev də bu mövqeni dəstəkləyərək, rəsmi Dəməşqdən İsraillə münasibətlərin normallaşdırılmasını tələb edir. Belə şəraitdə isə həm İsraillə, həm Türkiyə ilə işlək təmaslara malik olan, həm də ABŞ-la yaxınlaşdığı müşahidə edilən, üstəlik, Suriyanın cənubundakı silahlı qruplaşmalara təsir imkanlarını saxlayan Rusiya “optimal vasitəçi” kimi önə çıxmağa çalışır.
Digər tərəfdən, Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya bölgəsində baş verən kütləvi etiraz aksiyaları ölkədaxili təhlükəsizlik böhranının dərinləşdiyini göstərir. Daxili İşlər Nazirliyinin məlumatına görə, keçmiş prezident Bəşər Əsədin tərəfdarları ilə əlaqəli silahlı qruplaşmalar yeni hakimiyyətə tabe olan təhlükəsizlik qüvvələrinə hücum ediblər. Latakiyanın Əzhar meydanında keçirilən etiraz aksiyasi zamanı naməlum istiqamətdən açılan atəşdən sonra polis və etirazçılar arasında silahlı toqquşma baş verib.
Xatırladaq ki, bundan əvvəl Homsta yerləşən məsciddə törədilən terror aktında da çox sayda insan həlak olmuşdu. Hücumun məsuliyyətini isə “Sərayya Ənsar əs-Sünnə” adlı radikal qruplaşma öz üzərinə götürmüşdü. Bu silahlı qruplaşmanın HTŞ və İŞİD-dən ayrılmış şəxslər tərəfindən yaradıldığı və dini-etnik azlıqların Suriyadan qovulmasını hədəflədiyi bildirilir. Həmin qruplaşmanın bir müddət öncə paytaxt Dəməşqdə kilsəyə edilən və 25 nəfərin ölümü ilə nəticələnən terror hücumunun da təşkilatçısı olduğu iddia edilir.
Suriya hökumətinin rəsmi məlumatlarına görə, mart ayında sahilyanı bölgələrdə nusayrilərə qarşı aparılan əməliyyatlar zamanı 1426 nəfər, qeyri-rəsmi mənbələrə görə isə 1700-dən çox insan həlak olub. İyul ayında isə cənubda, Əs-Suveyda bölgəsində İstailin dəstəklədiyi druz icması ilə silahlı toqquşmalarda 2000-dən artıq insan öldürülüb, onların 789 nəfəri isə mülki şəxs olub.
Bütün bu hadisələr onu göstərir ki, Suriyanın Əhməd əş-Şaraa hakimiyyəti üçün əsas təhlükə məhz dövlət strukturlarının daxilindəki radikal təmayüllü qüvvələrdir. Eyni zamanda, bu ölkədə açıq-aşkar mərkəzdənqaçma meylləri formalaşaraq, güclənməyə başlayıb. Hər halda, hazırda kürdlər, druzlar və alevi-nusayrilər ətrafında muxtariyyət və özünümüdafiə ideyalarının daha da gücləndiyi müşahidə olunur. Belə ki, “Sərayya Ənsar əs-Sünnə” kimi qruplaşmalar alevi icmasını qorxudaraq, onları mərkəzi hakimiyyətdən uzaqlaşdırır və faktiki olaraq, ölkədaxili separatizmin geniş miqyas alması üçün münbit şərait yaradır.
Beləliklə, Suriyada baş verən proseslər onu göstərir ki, bu ölkə eyni vaxtda həm xarici geopolitik qarşıdurmaların, həm də daxili parçalanma risklərinin tam mərkəzinə çevrilməyə başlayıb. Bəzi ekspertlər Rusiyanın Suriyanın cənubuna qayıdışını yalnız İsrail-Türkiyə balansı ilə bağlı deyil, həm də bu ölkənin tam parçalanmasının qarşısını almağa yönəlmiş gecikmiş, ancaq həlledici addım kimi qiymətləndirməyə üstünlük verirlər.
Halbuki, indiyə qədər Rusiyanın yerləşdiyi dövlətlər və regionlar müəyyən müddətdən sonra mütləq ölkədaxili parçalanmalara, güclü separatizm dalğasına məruz qalıb. Vaxtilə Rusiyanın Suriyaya hərbi bazalar yerləşdirərək, Əsəd rejimini dəstəkləməsindən sonra da bu ölkədə eyni separatizm prosesi intensivləşmişdi. Ona görə də, indi əsas maraq doğuran sual ondan ibarətdir ki, Rusiya bu dəfə yalnız balanslaşdırıcı güc rolunu oynamaqla kifayətlənəcək, yoxsa Suriyanın gələcək hərbi-siyasi arxitekturasında yenidən əsas oyunçuya çevrilmək iddiasına düşəcək.
Belə anlaşılır ki, Suriyada son vaxtlar fəallaşaraq, hərbi əməliyyatlara aparan ABŞ Rusiyanı da dolayısı yolla yenidən bu ölkəyə qaytarır. Rusiyanın geri dönüşünün başlanğıcında isə Suriyada ölkədaxili hərbi-siyasi xaosun dərinləşməsi Kremlin bu ölkəni artıq növbəti dəfə parçalanma istiqamətinə sürükləyə biləcəyini göstərir. Və bu ssenari geriyədönməz xarakter alarsa, Suriyada İsrailin də iştirakı ilə ABŞ-Türkiyə-Rusiya üçbucağında olduqca təhlükəli toqquşmalar qaçılmaz ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()






