Ekspertlər bunun Türkiyə və Azərbaycana xeyri ilə ziyanını şərh etdi
Respublikaçı ABŞ konqresmeni Tomas Massi ABŞ-ın Şimali Atlantika Alyansından çıxmasını nəzərdə tutan HR 6508 qanun layihəsini (“NATO qanunu”) Nümayəndələr Palatasına təqdim edib. Bu barədə siyasətçinin rəsmi saytında məlumat yayılıb. “NATO ”Soyuq müharibə"nin qalığıdır. Biz NATO-dan çıxmalı və bu pulu sosialist ölkələrini deyil, öz ölkəmizi müdafiə etmək üçün istifadə etməliyik. Bu ittifaq 30 il əvvəl dağılan Sovet İttifaqına qarşı durmaq üçün yaradılıb. Blokda iştirak Amerika vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və ABŞ-ın xarici münaqişələrdə iştirakı riskini yaratmağa davam edir. Varlı ölkələr öz müdafiə xərclərini ödəməkdən imtina etdikdə, Amerika dünya üçün “təhlükəsizlik yorğanı” olmamalıdır", - o bildirib.
Yada salaq ki, Prezident Donald Tramp dəfələrlə müttəfiqlərinin müdafiə xərclərinin yetərli olmaması səbəbindən ölkəni NATO-dan çıxarmaqla hədələyib.
ABŞ NATO-dan çıxarmı? Alyansın ləğvi necə, mümkünmü? Hansı ki, Rusiyanın çoxdankı arzusudur və Ukraynaya qarşı işğalçı müharibənin əsas motivlərindən biridir. Nəhayət, Türkiyə və Azərbaycan üçün NATO-nun qalması daha önəmldir, yoxsa..
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, ABŞ Konqresində “NATO-dan çıxmaq” təşəbbüslərinin yenidən gündəmə gəlməsi və HR 6508-in təqdim olunması müəyyən dairələrin siyasi jestidir: “Lakin bunu Alyansın real dağılması kimi qiymətləndirmək düzgün olmaz. ABŞ-da belə layihələr daha çox daxili siyasi ritorikanın məhsuludur və qlobal təhlükəsizlik arxitekturasına dərhal təsir göstərə biləcək qərarlar kateqoriyasına aid deyil”.

Qabil Hüseynli
Politoloq deyib ki, ABŞ NATO-ya alternativi olmayan kollektiv təhlükəsizlik aləti kimi yanaşır:"ABŞ-ın qlobal təsir imkanlarının mühüm hissəsi məhz Alyansın üzərində qurulub. Vaşinqton bu strukturu tərk edərsə, Avropa üzərindəki strateji nəzarətini itirər. Bu, ABŞ siyasi elitasının böyük hissəsi üçün qəbuledilməzdir. Konqresdə təqdim edilən layihələr çox vaxt siyasi siqnaldır. ABŞ-da büdcə yükünün bölüşdürülməsi və NATO ölkələrinin xərclərinə dair narazılıqlar illərdir davam edir. Bu, real çıxış niyyətindən daha çox, Avropaya təzyiq vasitəsidir. Qərb içində strateji uzlaşma mövcuddur. Rusiya-Çin tandeminin gücləndiyi bir vaxtda Alyansın zəiflədilməsi Qərb üçün təhlükəli presedent yaradar. Bu səbəbdən ABŞ çıxış istiqamətinə gedərsə belə, sistem özünü adaptasiya edəcək. Yəni tam çöküş gözlənilmir".
Politoloq bildirib ki, NATO zəifləsə belə, Türkiyənin mövqeyi yalnız Alyansın taleyi ilə müəyyən olunmur: “Ankara çoxvektorlu siyasət yürüdür və Alyans onun alətlərindən yalnız biridir. NATO zəifləyərsə, Qara dəniz regionunda Rusiya balansı dəyişə bilər. NATO-nun zəifləməsi Moskvanın hərbi-siyasi təsirini artırar və Türkiyənin manevr imkanlarına təsir edə bilər. Suriya və Yaxın Şərqdə ABŞ faktoru azalarsa, Türkiyə tək qala bilər. Bu, PKK/YPG məsələsində əlavə təzyiqlər yaradar. Son 10 ilin gedişi isə göstərir ki, Ankara artıq NATO-dan kənar müdafiə imkanları yaradır. Türkiyə öz təhlükəsizlik arxitekturasını müstəqilləşdirir. Regional güc mərkəzi kimi daha sərbəst rol alır. NATO zəifləsə, Türkiyə geosiyasi boşluğu doldurmaq potensialına malikdir. Türkiyə üçün optimal ssenari NATO-da qalmaq olsa da, amma eyni zamanda öz təhlükəsizlik modelini diversifikasiya etməkdədir”.
Azərbaycana gəldikdə isə politoloq deyib ki, ölkəmiz NATO üzvü olmadığı üçün məsələni formal ittifaq konteksində yox, Türkiyə üzərindən regional təhlükəsizlik balansı çərçivəsində qiymətləndirmək lazımdır: “Qərb təsirinin azalması Cənubi Qafqazda Rusiyanın mövqeyini gücləndirə və regionda risk balansını dəyişə bilər. Bu halda Türkiyə NATO zəmanətləri olmadan daha çətin geosiyasi mühitə düşə bilər. Bu isə dolayı olaraq Azərbaycan üçün əlavə risklər yaradır. Azərbaycan-Türkiyə hərbi-siyasi koordinasiyası dərinləşməsi vaacibdir. Bakı üçün əsas təhlükəsizlik dayağı məhz Türkiyə ilə strateji müttəfiqlikdir. ABŞ-ın NATO-dan çıxması ehtimal kimi mövcuddur, lakin real siyasi qərar kimi görünmür. Regionda hərbi-siyasi balansın dəyişməsi Azərbaycan üçün risklər yaradır, buna görə Bakı çoxvektorlu siyasətini davam etdirməlidir”.

Rövşən Məhərrəmov
Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, ABŞ Konqresində NATO-dan çıxmaq təşəbbüsü yenidən gündəmə gəlsə də, HR 6508 qanun layihəsi rəsmi təqdim olunsa da, bunun real qərar olmasına inanmır: “Lakin belə bir ssenari hipotetik olsa da, region üçün ciddi hərbi və strateji nəticələr doğura bilər. ABŞ-ın çıxışı NATO-nun Avropadakı kontingentlərinə, strateji hava və dəniz bazalarına ciddi təsir göstərə bilər. Alyans zəifləsə, Rusiyanın Qara dəniz və Şərqi Avropada manevr imkanları artır. Bu, Avropa üçün ciddi hərbi risk deməkdir”.
Hərbi ekspert bildirib ki, Alyans zəifləsə, Ankara regional balansı qorumaqda çətinlik çəkə bilər: “ABŞ dəstəyinin azalması PKK/YPG ilə mübarizə və Suriyada əməliyyatlara təsir edə bilər. Lakin Türkiyə son onillikdə milli hərbi gücünü artırıb və strateji boşluğu doldurmaq potensialına malikdir. Türkiyə NATO xaricində də manevr edə biləcək səviyyədədir. Azərbaycana NATO üzvü olmasa da, belə bir hal olarsa, bundan təsirlənə bilər. Azərbaycan Türkiyə üzərindən regional təhlükəsizlik balansına bağlıdır. Alyans zəifləsə, Rusiya Cənubi Qafqazda təsirini artırar və Azərbaycan üçün risklər yüksələr”.
Hərbi ekspertin fikrincə, bu halda Bakı üçün Türkiyə ilə hərbi-siyasi koordinasiya daha da önəmli olacaq: “ABŞ-ın NATO-dan çıxması ehtimalı hazırda aşağıdır, amma hərbi planlaşdırma üçün vacib ssenaridir. Türkiyə öz müdafiə potensialını diversifikasiya edir, Azərbaycan isə strateji manevr imkanlarını Türkiyə ilə koordinasiya üzərindən qoruyur. Alyansın zəifləməsi regional balansı dəyişdirə, Rusiya təsirini artıraraq əlavə risklər yarada bilər”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”






