ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni və ən bahalı aviadaşıyıcısı "USS Gerald R. Ford"da tualet fəlakəti yaşanır. Rəsmi olaraq ABŞ hərbi gücünün zirvəsi hesab olunan bu gəmi 13 milyard dollara başa gəlib, ən müasir radar, ən son nəsil qırıcıların bazası və okeanda hərbi hegemonluğun simvolu kimi təqdim olunur. Amma bu supergücün ən zəif nöqtəsi tualet sistemi imiş.
Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, 4600 nəfərlik heyət üçün nəzərdə tutulmuş vakuum kanalizasiya sistemi layihə qüsuru səbəbindən tez-tez sıradan çıxır.
Boruların diametri kifayət qədər geniş olmadığı üçün dəniz duzu çöküntüləri, kalsium yığılması və hətta dənizçilərin atdığı adi məişət əşyaları sistemi iflic edir. Nəticədə bir klapan sıradan çıxanda gəminin bütöv bölmələrində onlarla tualet eyni anda tıxanır.
Məlumatlara görə, cəmi bir neçə gün ərzində 200-dən çox tualetin fəaliyyətinin dayanması halları qeydə alınıb. Texniki heyət problemi aradan qaldırmaq üçün sutkada 15–20 saat işləməyə məcbur qalıb. Boruların xüsusi kimyəvi maddələrlə təmizlənməsi isə yalnız limanda mümkündür və hər belə əməliyyat yüz minlərlə dollara başa gəlir. Beləliklə, ABŞ-nin okeanlarda hegemonluğunu təmin etməli olan nəhəng gəmi ən elementar sanitariya funksiyasını belə yerinə yetirə bilmir.
Şahanə Rəhimli
Musavat.com






