ABŞ hərbçiləri Venesuela sahilləri yaxınlığında sanksiyalara məruz qalmayan neft tankerinin göyərtəsinə qalxaraq bu addımı ölkə prezidenti Nikolas Maduroya siyasi siqnal kimi atıblar. Bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, söhbət Venesuela neftini daşıyan və ABŞ sanksiyaları siyahısında olmayan tankerdən gedir. Mənbələrdən biri baş verənləri belə şərh edib: “Bu, Maduroya göndərilmiş mesajdır.”
Axios yazır ki, bu güc nümayişi ABŞ prezidenti Donald Trampın administrasiyasının mövqeyini açıq şəkildə ortaya qoyur. Belə ki, Vaşinqton Venesuela neftini daşıyan demək olar ki, bütün tankerlərin — sanksiya altında olub-olmamasından asılı olmayaraq — yoxlanıla və potensial olaraq ələ keçirilə biləcəyini düşünür.
Eyni zamanda, ABŞ-ın tanker göyərtəsində olan nefti öz nəzarətinə götürməyi planlaşdırıb-planlaşdırmadığı hələlik məlum deyil.
Hadisə ABŞ–Venesuela münasibətlərində gərginliyin artdığı bir dövrdə baş verib və Vaşinqtonun Karakas üzərində təzyiq alətlərini genişləndirdiyi kimi qiymətləndirilir.
Musavat.com






