İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam möcüzəsi davam edir: pley-off üçün 99,5 faiz ümid

1836 22.01.2026 14:52 İdman A A

"Qarabağ" futbol klubumuz dünən gecə bütün Azərbaycanı bir daha sevinc göz yaşlarına qərq etdi. Çempionlar Liqasının Liqa Mərhələsinin VII turunda Ağdam klubu tarix yazdı. Rəqib Almaniyanın güclü "Ayntraxt" komandası idi. Son dəqiqə qolu ilə qalib gələn "Köhlən atlar" xallarının sayını 10-a çatdırdılar və ən böyük mötəbər turnirdə bir üst pilləyə - pley-offa yüksəlmək üçün tarixi şans qazandılar.

Hazırda Qurban Qurbanovun kollektivi 18-ci sıradadır. Son oyun İngiltərənin "Liverpul" klubu ilə səfərdə baş tutacaq. "Qarabağ" həmin oyunda meydanı xalsız tərk etsə belə, yenə də pley-off şansları qalacaq. Amma bu necə olacaq?

Bu və ya digər suallarla idman eksperti Kənan Məstəliyevə müraciət etdik.

MESTE.jpg (41 KB)

O, Musavat.com-a pley-off şansımızı ən incə məqamlarına qədər izah etdi:

"Hamını maraqlandıran məqamdır. Suallar çoxdur. Odur ki, analiz edib, aydınlıq gətirmək lazımdır. Beləliklə, "Qarabağ"ın aktivində 10 xal var və komanda 18-ci pillədədir. 9 xal qazanan "Marsel", "Bayer" və "Monako" var ki, 1 xal əldə edəcəkləri halda turnir cədvəlində bizi keçə bilərlər. Amma mən bu komandaların şansları haqda danışmağa ehtiyac duymuram, çünki onların bu xallara sahib çıxması bizi pley-offdan birbaşa etməyəcək. Ona görə də yalnız qələbə qazanaraq bizi üstələmək imkanı olanlara yönəlsək, daha doğru olar. Onlar isə aşağıdakılardır.

8 xalı olanlar:

- PSV

- "Atletik"

- "Olimpiakos"

- "Napoli"

- "Kopenhagen".

Və 7 xalı olan "Brügge".

Belçikalıları hesabdan silə, yaxud saymaya bilərik. Çünki onlar son turda "Marsel"lə qarşılaşırlar və bu matçda qeydə alınacaq istənilən nəticə bu 2 komandadan birini rəqib siyahımızdan çıxarır. Qalır digər 5 komanda. Bunlardan istənilən ikisi xal itirsə, "Qarabağ" pley-offa yüksəlir.

1904500f5f348935d3e18038fb11abfb.jpg (271 KB)

Növbəti tur qarşılaşmalarına baxaq.

PSV - "Bavariya"

"Atletik" - "Sportinq"

"Ayaks" - "Olimpiakos"

"Napoli" - "Çelsi"

"Barselona" - "Kopenhagen".

Göründüyü kimi, yunanlardan başqa digərləri güclü rəqiblərlə qarşılaşırlar. Onlardan yalnız "Bavariya" 1/8-i təmin edib və oyunlarına "barmaqarası" baxa bilər. Ancaq münhenlilərin belə edəcəyi real deyil. Oynayacaqlar, ən azı uduzmayacaqlar. Alman hər yerdə almandır. Digər 3 favorit - "Barselona", "Sportinq" və "Çelsi" əlavə yükə düşməmək, 1/8 finala birbaşa vəsiqə qazanmaq üçün qələbə qazanmalıdır. Ona görə də oyunlarına ciddi yanaşacaq, xallar qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. Reallıq da var. "Kopenhagen"in səfərdə "Barselona"nı yenməsi möcüzə kimi bir şeydir. Odur ki, danimarkalıları da hesabdan silə bilərik. Qalır 2 matç.

"Atletik" yaxşı komanda olsa da, PSJ-ni diz çökdürmüş "Sportinq"i üstələməyi asan olmayacaq. "Napoli"nin də işi çətindir. Antonio Kontenin yetirmələri "Çelsi"yə qalib gələ bilərlər, ancaq bu matç da hər 3 nəticənin mümkün olduğu qarşılaşmadır. Bu iki matçdan birində bərabərlik qeydə alınsa, biz pley-offu təmin edirik.

Yazının əvvəlində 9 xalı olanları kənara qoymuşdum. Amma ürəyimiz rahat olsun deyə, onları da nəzərdən keçirə bilərik.

"Marsel"i qeyd etdik, qalır "Bayer" və "Monako".

Matçlar bunlardır:

"Bayer" - "Vilyarreal"

"Monako" - "Yuventus"

Almanların işi nisbətən asandır, "Vilyarreal" üçün ÇL bitib, ancaq onlar da qapını möhkəm çırpmaq istəyə bilərlər. "Yuventus" isə son zamanlar formada olmayan, daha dəqiq desək, enişli-yoxuşlu qrafik cızan moneqasklıları səfərdə uda bilər. Bu, "ağ-qaralar" üçün xüsusi əhəmiyyət daşıyır, çünki qələbə onlara birbaşa 1/8 finalı gətirə bilər.

be6797b6-0525-3d5d-bc6b-25cc4b1dc502_825.jpeg (83 KB)

Xülasə, "Yuventus" qalib gəlsə və "Barselona", "Bavariya", "Çelsi", "Sportinq", "Ayaks"dan cəmi 1-i xal itirməsə, yaxud turinlilərin nəticəsindən asılı olmayaraq digərlərindən cəmi 2-si xal uduzmasa, "Qarabağ" pley-offa yüksəlir.

Mən "Qarabağ"ın artıq orada olduğunu düşünürəm. Son turda bu qədər sensasiyanın baş vermə ehtimalı yoxdur, hətta deyərdim, mümkünsüzdür. "Barselona" və "Bavariya" müvafiq olaraq "Kopenhagen" və PSV-yə uduzmamasından sadə bir nəticə nə ola bilər ki?

Tanınmış futbol statistikası saytı "Football meets data" da təmsilçimizin şansını çox yüksək qiymətləndirir. Onların hesablamalarına görə, "QARABAĞ"IN PLEY-OFF ŞANSI 99,5%-dir.

P.S. Bir məqamı da unutmuşuq: "Qarabağ"ın da bir matçı qalıb. Bəli, "Liverpul"la, bəli, səfərdə. Amma hələ bilmək olmaz orada nələr olacaq. Niyə "Enfild"də də iz qoymayaq?"

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR