Avropa İttifaqı sammitinin iştirakçıları ABŞ-la ticarət razılaşmasını təsdiqləyiblər.
Musavat.com xəbər verir ki, məlumatı Avropa Şurasının prezidenti António Kosta Qrenlandiya ilə bağlı təcili Aİ sammitindən sonra keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, qərar ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı Avropaya qarşı yeni tarifləri rədd etməsindən sonra qəbul edilib: "ABŞ prezidenti Donald Trampın Aİ ölkələrinə yeni tariflər tətbiq etməmək qərarını düzgün istiqamətdə addım hesab edirik. Bu tariflər Aİ-ABŞ tarif sazişi ilə (keçən ilin iyul ayında Avropa Komissiyasının rəhbəri və ABŞ prezidenti tərəfindən imzalanıb – red.) uyğunsuz olardı. Buna görə də bu sazişin təsdiqlənməsini sürətləndirmək qərarına gəldik. Məqsəd Aİ və ABŞ arasında ticarət münasibətlərini sabitləşdirmək olmalıdır. Lakin Aİ öz maraqlarını qətiyyətlə müdafiə etmək niyyətindədir”.
Kosta qeyd edib ki, Aİ qarşılıqlı maraq doğuran bütün məsələlərdə, xüsusən də Ukrayna ilə bağlı ABŞ ilə fəal əməkdaşlıq etməyə hazırdır. O, xatırladıb ki, Aİ və ABŞ "uzun müddətdir ki, dəyərlərə əsaslanan transatlantik icmalarını" quran tərəfdaşlar və müttəfiqlərdir": "Biz inanırıq ki, müttəfiqlər və tərəfdaşlar arasında münasibətlər səmimi və hörmətli bir ruhda davam etdirilməlidir. Avropa və ABŞ Arktika təhlükəsizliyi və NATO daxilində birgə fəaliyyətdə ortaq maraqlara malikdirlər. Danimarka və Qrenlandiya Avropa İttifaqının tam dəstəyinə malikdir. Danimarka və Qrenlandiyanın işlərinə yalnız Danimarka və Qrenlandiya xalqı qərar verə bilər".
Musavat.com






