“Buyruğu yenə bilgisiz imiş”
(Orhun yazıları, Bilgə Xaqanın kitabəsi)
Yenə bir dəstə başbilən, bu dəfə parlamento binasında toplaşmış, ana dilimizi qorumaq uğrunda savaşa atılmışlar. Yəni Azərbaycan dilini. O dil ki, bu saat ərazisində heç bir hökumət idarəsində hörməti qalmamışdır. Uşaqlar məktəbdə oxuduğunu qanmır, dükan-bazar hamısı ingilis başlıqları altında, rus sektoru “Azərbaycan dili” uçağını salmaqla məşğuldur, işə düzəlmək üçün ya qaqulik ləhcəsində, ya ingilis dilinin Şri Lanka dialektində danışmalısan, restoranlar hətta bir ara ərəb dilində menyu yazırdı, indi xəbərim yoxdur.
Lakin Milli Məclisdə toplaşmış hörmətli ziyalılar narahatlığını bildiribdir. Əsas bu deyilmi? Əsas budur. İndi yadıma düşdü, bir aralar Amerika da bizdə nəsə olanda narahatlığını bildirirdi, şükür, daha rahatlıq tapıblar. Narahat olmağa, prinsipcə, ciddi səbəb də yoxdur. Ana dilində kəndçi-kündçülər danışırdı, daha kənd yavaş-yavaş ləğv edilir, ona ehtiyac olmayacaqdır. Bilmirəm, monqol quzu ətinin tədarükü prosesində “Nənəm, a şişək qoyun, Yunu bir döşək qoyun” əzizləməsi - sayaçı sözləri səslənirmi... Bəlkə deyirlər, Orhon-Yenisey abidəsi o tərəflərdədir axı.
Ana dili dediyimiz bu dilə verdiyimiz rəsmi ad onun ahəng qanununa (bir sözdə qalın və incə saitlər olmaz, qalınsa hamısı qalın, incəsə hamısı incə olmalıdır) uyğun gəlmirsə, bəlkə problem elə bundadır? Həm də. Yəni dəqiq heç bir fikrim yoxdur.
Ümumiyyətlə, dil haqqında danışmaq mənə həmişə qırxayağa “birinci hansı ayağını atırsan” sualı vermək kimi gəlib. Dil haqqında danışmaq yox, dildə danışmaq lazımdır. Onun üçün də azad məkanlar olmalıdır. Dilin inkişafı həmin dildə danışan adamların azadlığından başlanır.
Problemi yaradanların problemdən danışması qədər tragikomik və absurd vəziyyət yoxdur. Misal üçün, məktəblərə cavabdeh adam... məktəblərdə dərs keçilmədiyindən şikayətlənir, qanunları düzəldənlər həmin qanunların pis dilindən. Rəhbərlik elədiyi qurumları dükan kimi işlədən “ziyalı” niyə dükanlara “market” adı qoyulmasına guya ağlaşma qurur. Niyə ki, hamısına “market” demirik, bəzisinin adı “birlikdir”, özü də barter üsulu ilə çalışırlar: qoyunu gətir, vəsiqəni apar. Tam əski, gözəl zamanlardakı kimi.
Bakıdan Salyana 138 kilometr məsafədir. Yəni, heç bir ucqarlığı, uzaqlığı yoxdur. Təzəlikcə həmin Salyanın Aşağı Noxudlu kəndində məktəblilər tüstüdən zəhərlənmişdilər. Sən demə, orada məktəb hələ də odun sobası ilə qızdırılırmış. Buradan-bura həmin məktəbə qaz çəkmək, çağdaş isitmə sistemi qurmaq mümkün olmayıbsa, dili necə qoruyacaqsınız? Uşaqların ciyərinə tüstü dolanda hər hansı dildə danışa bilmir, uzağı “öhö-öhö” eləyib öskürüşürlər. Öskürməyin ana dilində olanı varmı, bilmirəm.
Yeri gəlmişkən, akademiya prezidenti də orfoepiya lüğəti qayırmaq üzərində gərgin iş getdiyini anons etmişdir. Orfoqrafiyanı yarıdıblar, indi orfoepiyaya keçirik. Ancaq burada kimin ləhcəsi əsas götürüləcək? Məsələ budur. Böyük ehtimal yenə havada qalan qaydalar lüğəti olacaq, ölü doğulmuş bu lüğəti sonradan heç məktəblərin zibilliyindən də tapmayacaqlar. Çünki məhz elə həmin orfoepiya qaydalarındakı çözülməsi imkansız mübahisələr üzündən Dövlət İmtahan Mərkəzi universitetlərə qəbulda orfoepiyadan sual salmağa risk eləmir. Qabaqlar yenə şəkili bakılını anlamağa çətinlik çəkirdi, indi mən Binəqədidə o biri küçədə nə danışırlar, başa düşmürəm.
İnternetdə bir video var, Bakıda hansısa küçəni yağış suları basıb, kadr arxasından kimsə tragikomik şərh verir: “Bakıya gedib dilinizi dəyişir, "ala-mala" ilə danışırsınız, kəndi bəyənmirsiniz, amma yaşadığınız küçə kənddən pisdir". Məncə, dil müzakirələrinin yekunu üçün əla təsbitdir.
Bax, kimsə “təsbit nə deməkdir” soruşsa, daha yerim qalmayıb.






