“Avropanın bəzi maliyyə təsisatları əvvəlcə tam qadağan edilən faydalı qazıntılara aid siyasətinə yenidən baxmağa başlayıblar. İndi isə onlar faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirməyə başlayıblar. Aparıcı enerji şirkətləri, sadəcə, əsas tendensiyaya uyğun gedirdi və bəziləri hətta adlarından “neft” sözünü çıxarırdı. İndi isə onlar yenidən faydalı qazıntıya qayıdırlar. Bu, bəlli məsələdir və açığını desək, gülünc idi”.
Musavat.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Prezident xatırladıb:
“2024-cü ilin noyabrında burada, Bakıda COP29-a ev sahibliyi edən ölkənin rəhbəri kimi çıxışımda bildirdim ki, - təkrar olmasın - bu reallıq kənara qoyula bilməz. Bütöv yaşıl hərəkat qrupları mənə hücum çəkdi və dedi ki, COP29-a ev sahibi olan ölkə faydalı qazıntını necə təşviq edə bilər?! Mən bunlara, sadəcə, reallığa əsaslanaraq söyləyirdim. Heç kəs hazırda faydalı qazıntını inkar edə bilməz. Onlar nə dərəcədə xoşunuza gəlməsə belə, siz onlarsız yaşaya bilməzsiniz. Əgər yaşaya bilərsinizsə, onda irəli! Lakin biz məsələyə realist yanaşmalıyıq. Neft və qazla zəngin olan ölkələrin məsuliyyətinin olması Azərbaycan və digər ölkələr kimi misallarda görünür, çünki onlar, həmçinin yaşıl enerjiyə sərmayə yatırırlar. Beləliklə, düşünürəm ki, hazırda Avropa təsisatları anlayırlar ki, faydalı qazıntıya münasibətdə qorxu aradan qalxmalıdır və praqmatik, realist yanaşma əsas götürülməlidir.
Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolumuz yalnız artacaq, azalmayacaq, artacaq. Elektrik enerjisini, yaşıl enerjini, hidrogeni, eləcə də yaşıl hidrogeni əlavə etsək, rolumuz daha da böyük olacaq”.

Milli Məclisin deputatı Nigar Məmmədova Musavat.com-a bildirib ki, enerji təhlükəsizliyi məsələsi hər bir ölkə üçün milli təhlükəsizlik məsələsidir:
“İldən-ilə ölkəmizin qaz ixrac etdiyi ölkələrin sayı artır. Təsadüfi deyil ki, bu vaxta qədər Azərbaycan 14 ölkəni mavi yanacaqla təmin edir. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bu il daha iki Avropa ölkəsinin qaz satdığımız ölkələr sırasına əlavə olunacağını bəyan etdi. Bu isə ixrac coğrafiyasını əhatə edən ölkələrin sayının 16-ya çatacağını deməyə əsas verir.
Cənab Prezidentin də söylədiyi kimi, dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəmərləri vasitəsilə qazla təchiz etmir. Ötən ilin rəqəmlərinə əsasən, söhbət 25 milyard kubmetrdən çox mavi yanacaqdan gedir.
Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TAP boru kəmərinin genişləndirilməsi də effektiv nəticələr verməkdədir. Belə ki, artıq bu ildən etibarən ildə əlavə 1,2 milyard kubmetr qaz nəql etmək gücünə malikdir. Ötən 5 il ərzində yalnız TAP vasitəsilə Avropaya 54 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Avropaya qaz təchizatımızın coğrafiyasının genişlənməsi etibarlı tərəfdaşlığın nəticəsidir.
Cənab Prezident hər zaman faydalı qazıntıların maliyyələşdirilməsinin vacibliyinə diqqət çəkir. Faydalı qazıntılarla zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələrə dəstəyi vacib hesab edir”.
Deputat vurğulayıb ki, paralel olaraq, “yaşıl gündəlik” də bu gün dövlətlərin milli prioritetləri sırasındadır:
“2030-cu ilə qədər hədəf 6 giqavat günəş və külək enerjisinin təmin olunmasıdır. İşğaldan azad olunmuş ərazilərin potensialını da nəzərə alsaq, Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Təsadüfi deyil ki, Avropa İttifaqı rəsmiləri hər zaman Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir və hazırda Cənubi Qafqazla Avropa İttifaqı arasında “yaşıl enerji” dəhlizinin qurulması üzərində iş aparılır. Cənab Prezident yerli telekanallara müsahibəsində də bəyan etdi ki, Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur. Elektrik, günəş və külək stansiyalarının tikintisinə başlanılır və bu stansiyaların sayının artırılması üzrə müraciətlər var.
Məlum olduğu kimi, Azərbaycanın təkcə külək enerjisi potensialı 150 giqavatdan çoxdur. “Elektrik enerjisi, yaşıl enerji və hidrogeni, eləcə də yaşıl hidrogeni əlavə etsək, rolumuz daha da böyük olacaq”, deyə dövlət başçımız bildirdi. Avropa İttifaqı ölkələri yaşıl enerjiyə keçid hədəflərinə nail olmaq üçün yaşıl enerji texnologiyalarına, eləcə də hidrogenə investisiyaları əhəmiyyətli dərəcədə artırır. Beynəlxalq təcrübədə bu sahədə iqtisadi aktivliyin artırılması məqsədilə qısa və ortamüddətli dövrlər üçün müxtəlif tarif siyasətləri və alətləri tətbiq edilməkdədir.
Hazırda iqtisadi cəhətdən ən ucuz başa gələn hidrogen növüdür. Bu səbəbdən də geniş yayılıb. Bütövlükdə Azərbaycan böyük qaz yataqları və zəngin ehtiyatları hesabına hidrogenə keçid baxımından böyük potensiala malikdir. Bu xüsusda Azərbaycanın enerji təhlükəsizliyindəki əhəmiyyəti xüsusi vurğulanır, regiondakı mövqeyi yüksək dəyərləndirilir”.
Nigar HƏSƏNLİ,
Musavat.com






