İnsanlara hürriyət, millətlərə istiqlal!

"Biri günçıxana, digəri günbatana baxacaq"

1468 24.02.2026 14:11 Ölkə A A

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deputat həmkarı Razi Nurullayevin azad olunmuş ərazilərdə aparılan tikinti işləri barədə dediklərinə reaksiya verib.

Musavat.com-un məlumatına görə, komitə sədri əvvəlcə bildirib ki, hər bir mülkiyyət yalnız xüsusi zərurət yarandıqda və dövlət ehtiyacı olduqda alınır:

“Burada iş yerləri ilə bağlı məsələlər də qaldırıldı. Məlumdur ki, hava limanının və ya dəniz limanının açılması kifayət qədər iş yerinin yaranmasına səbəb olur və bu da tamamilə mümkündür”.

S.Novruzov bildirib ki, tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi gündəmə gətirilir:

“Niyə bu problemlər yaranır? Ona görə ki, torpaqlar təyinatına uyğun istifadə olunmayıb. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri tikilib və ya kimsə biznes obyekti inşa edərək onu özəlləşdirmək istəyir. Halbuki ilk növbədə torpağın kateqoriyası dəyişdirilməli, yalnız bundan sonra özəlləşdirmə məsələsinə baxılmalıdır. Bizim təqdim etdiyimiz qanun layihəsi onu göstərir ki, bu gün işğaldan azad olunmuş ərazilərdə artıq üç hava limanı tikilib və digər ərazilərdə də yeni hava və dəniz limanlarının salınması nəzərdə tutulur. Xüsusilə də yeni nəqliyyat dəhlizlərinin açılması ilə bağlı bu infrastruktur obyektlərinə ciddi ehtiyac yaranır. Belə zərurət olduğu halda hər hansı mülkiyyətçinin öz əmlakını əsassız yüksək qiymətə dövlətə təklif etməsinin qarşısı alınmalıdır. Əgər bu, dövlət zərurətidirsə və dövlət ehtiyacları üçün həyata keçirilirsə, o zaman həmin əmlak dövlətin müəyyən etdiyi qiymət əsasında, dövlət ehtiyacları üçün istifadə edilə bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

Komitə sədri əlavə edib ki, qanunda dövlət ehtiyacları ilə bağlı müddəalar artıq mövcuddur:

“Biz isə buraya sadəcə iki yeni anlayış əlavə edirik: hava limanları və dəniz limanları. Söhbət zərurət yarandığı halda, dövlət ehtiyacı olduqda onların dövlət ehtiyacları üçün alınmasından gedir”.

S.Novruzov daha sonra deputat həmkarının məcburi köçkünlərin öz evlərini özləri tiksinlərinin tikməsi ilə bağlı təklifinə münasibət bildirib:

“Bu gün işğaldan azad edilmiş ərazilərdə özəl sektor fəal şəkildə çalışır. İnsanlar ora gedir, yaşayır və fəaliyyət göstərirlər”.

Komitə sədri bildirib ki, əgər evlər fərdi qaydada tikiləcəksə, “biri günçıxana, digəri günbatana baxacaq”.

Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu kimi, vətəndaşlara evlərin tikilmədiyini vurğulayan komitə sədri bildirdi ki, Prezident işğaldan azad olunmuş ərazilərə hər səfərində yeni müəssisələrin açılışını həyata keçirir, yeni iş yerləri yaradılır:

“Bu müəssisələrin böyük hissəsi özəl sektorun payına düşür. Özəl sektor bu layihələri həm dövlət kreditləri, həm də öz vəsaitləri hesabına reallaşdırır. Ayrı-ayrı investorlar həmin ərazilərdə fəaliyyət göstərir, tenderlər elan olunur və qalib gələnlər işləri icra edirlər. Bu gün artıq şəhərsalma ilə bağlı böyük bir proses həyata keçirilir. Cari il şəhərsalma ili elan olunub. Burada hər kəsin öz bildiyi kimi, ev tikməsi mümkün deyil. Dünya praktikasına uyğun, müasir infrastruktura malik, standartlara cavab verən yaşayış evləri tikilir və vətəndaşlara pulsuz təqdim olunur. Bu, yüksək qiymətləndirilməlidir. Heç bir dövlət öz vətəndaşını bu səviyyədə təmin etmir”.

Deputat Razi Nurullayev yenidən söz alaraq S.Novruzova onun fikirlərinə hərtərəfli münasibət bildirdiyinə görə təşəkkürünü bildirib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR