İnsanlara hürriyət, millətlərə istiqlal!

“Brake-by-wire” dövrü başlayır - İNQİLAB

1161 25.02.2026 14:17 Maraqlı A A

Dünya avtomobil sənayesi növbəti texnoloji sıçrayışın astanasındadır. İllərdir avtomobillərin ayrılmaz hissəsi olan hidravlik tormoz sistemləri tədricən tarixə qovuşur.

Musavat.com xəbər verir ki, onların yerini tam elektron idarə olunan, “brake-by-wire” adlanan elektromexaniki tormozlar tutur.

Ekspertlərin fikrincə, bu texnologiya yaxın illərdə kütləvi şəkildə tətbiq ediləcək və xüsusilə elektromobillərin inkişafı ilə paralel olaraq standart həllə çevriləcək.

“Brake-by-wire” sistemi ilk dəfə aviasiya və kosmik sənayedə tətbiq olunub. Təyyarələrdə mühərrik dartısı və aerodinamik elementlər uzun müddətdir elektron siqnallarla idarə olunur. Avtomobillərdə isə bu keçid daha ləng gedib – bu gün əksər modellərdə qaz pedalı elektron olsa da, sükan və tormozlar əsasən klassik mexaniki-hidravlik prinsiplə işləyir. Hətta “Formula-1” bolidlərində belə bu texnologiya yalnız 2014-cü ildən tətbiq olunmağa başlayıb. Buna səbəb hibrid sistemlərin və enerji bərpası texnologiyalarının (ERS) geniş istifadəsi olub.

Yeni sistem necə işləyir?

Ənənəvi hidravlik tormozlarda sürücü pedalı basdıqda təzyiq borular vasitəsilə birbaşa tormoz mexanizmlərinə ötürülür. “Brake-by-wire” sistemində isə mexaniki əlaqə demək olar ki, aradan qalxır. Sürücü tormoz pedalını basır, pedalda yerləşən sensor bu hərəkəti qeydə alır və siqnal elektron idarəetmə blokuna ötürülür. Blok isə elektrik siqnalını tormoz mexanizmlərində yerləşən aktuatorlara göndərir və nəticədə elektrik mühərrikləri tormoz disklərinə təzyiq yaradır. Bu proses son dərəcə sürətli baş verir. Məsələn, bəzi sistemlərdə reaksiya müddəti cəmi 100 millisaniyə təşkil edir. Müqayisə üçün, avtomobil 120 km/saat sürətlə hərəkət edərkən 300 millisaniyə ərzində təxminən 11 metr məsafə qət edir. Yəni daha sürətli reaksiya qəzanın qarşısını almaqda həlledici rol oynaya bilər. Yeni nəsil tormozların əsas üstünlüyü daha qısa tormoz məsafəsidir.

Elektromobillərlə tam uyğunluq – enerji bərpası sistemləri ilə daha effektiv işləyir. Fərdiləşdirilmiş idarəetmədə sürücü “komfort” və ya “idman” rejimi seçə bilər. Elektron təhlükəsizlik sistemləri ilə inteqrasiyada autopilot və sürücü köməkçiləri üçün daha dəqiq nəzarət imkanı yaradır. Bu texnologiya həm də avtomobil istehsalçılarına konstruksiyanı sadələşdirmək və yanacaq sərfiyyatını azaltmaq imkanı verir. Aparıcı komponent istehsalçıları – ZF, “Bosch” və “Brembo” artıq bu sistemlərin seriya istehsalına hazırlaşır. Brembo öz elektron tormoz sisteminin yaxın illərdə kütləvi istehsala çıxacağını açıqlayıb. Məlumatlara görə, ABŞ-nin “Ford” və “General Motors” konsernlərinin yeni nəsil pikaplarında artıq klassik hidravlik tormozlar olmaya bilər. Bu keçidi sürətləndirən əsas amillərdən biri isə Clarios şirkətinin 2027-ci ildən başlayaraq yeni superkondensatorların kütləvi istehsalına başlamasıdır. Bu komponentlər elektron tormoz sistemlərinin etibarlı işləməsi üçün vacibdir. ZF şirkəti artıq milyonlarla elektromexaniki tormoz supportunun tədarükü üçün uzunmüddətli müqavilə bağlayıb. Çinin “Chery”  və “Li Auto” kimi markaları “brake-by-wire” sistemini yeni modellərində tətbiq edəcəklərini elan ediblər. Almaniyanın BMW şirkətinin M8, X5 və X7 modellərində isə tormoz pedalı artıq birbaşa mexaniki əlaqəyə malik deyil – sistem elektron idarəetməyə keçidin ilkin mərhələsindədir. Elektromobillərin sürətlə yayılması fonunda “brake-by-wire” texnologiyası qaçılmaz görünür.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR