Birləşmiş Krallıq ABŞ prezidenti Donald Trampın təklif etdiyi “Sülh Şurası”na hələ qoşulmayacaq.
Musavat.com xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper BBC-yə verdiyi müsahibədə bildirib.

Bunun səbəbi, şuraya Rusiya prezidenti Vladimir Putinin də daxil ola biləcəyi ilə bağlı yaranan narahatlıqlardır. Bundan əlavə, London şuranın səlahiyyətlərinin genişliyi ilə bağlı da narahatdır – çünki şura yalnız Fələstin sektorunda, xüsusən Qəza zolağında sülhün bərpası üçün yaradılmayıb, onun fəaliyyət dairəsi dünyada daha geniş sahələri əhatə edir.
Kuper bildirib ki, Böyük Britaniya şuraya qoşulmaq üçün dəvət alıb, lakin hələlik imtina edib.
Cümə axşamı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Trampın təklif etdiyi “Sülh Şurası”nın tərkibini və əsas prinsiplərini rəsmi təsdiqləyən sənədlərin imzalanması mərasimi keçirilib. Şura Donald Tramp tərəfindən Yaxın Şərq sülh planı çərçivəsində Qəza zolağının idarə olunması üçün yaradılıb.
Mərasimin əvvəlində Tramp bildirib ki, “hər bir ölkə şurada yer almaq istəyir”.
Lakin britaniyalı nazir şuranı “hüquqi müqavilə” adlandıraraq qeyd edib ki, onun əhatə dairəsi ilkin məqsədindən - İsrail və HƏMAS arasında Qəza zolağında müharibənin dayandırılmasından çox daha geniş mövzuları əhatə edir.
Londonun qiymətləndirməsinə görə, şura BMT-nin bəzi funksiyalarını əvəzləmək üçün nəzərdə tutulub.
Kanada da şuraya dəvət alıb, lakin hələ cavab verməyib.
Qeyd olunur ki, Donald Trampın “Sülh Şurası” təşəbbüsü ilkin olaraq Ağ Ev tərəfindən Qəza zolağının bərpası və onun gələcək idarəetmə sisteminin formalaşdırılması planının bir hissəsi kimi təqdim olunub.
Musavat.com






