İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə qorxunc VİRUS tüğyan edir – Azərbaycana təhlükə?

999 14.01.2026 14:57 Səhiyyə A A

İtaliyada çox sayda insan qripəbənzər simptomlara malik yeni xəstəlik səbəbindən ölüb. Bu barədə “Corriere Fiorentino” qəzeti məlumat yayıb.

Məlumata görə, Kastilyon Fiorentino şəhərində hətta koronavirus pandemiyası dövründə belə bu qədər yüksək ölüm faizi qeydə alınmayıb (Bakupost.az). Şəhərin meri Mario Anyellinin sözlərinə görə, hazırda burada qəbirlər bir-birinin ardınca qazılır.

Qripəbənzər xəstəlik yayıldıqdan bir neçə gün sonra ona yoluxan bir neçə nəfər ölüb. Mer qeyd edib ki, oxşar vəziyyət qonşu bölgələrdə də baş verir. Aretso əyalətindəki əsas xəstəxanada 17 dəfn mərasimi salonu yaradılıb. İndiyədək yeni epidemiyanı törədən virus barədə məlumat və onun qurbanlarının dəqiq sayı açıqlanmayıb.

Bəs bu nə virusdur belə? Azərbaycanda da peyda ola bilərmi?

Musavat.com xəbər verir ki, mütəxəssislərin fikrincə, İtaliyada yayılan ağır qripəbənzər xəstəliyin ən real səbəblərindən biri İnfluenza A virusunun H3N2 alt tipidir. Bu virus son aylarda dünyada geniş yayılıb və xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar və immun sistemi zəif şəxslər üçün daha ağır keçməsi ilə tanınır. H3N2 yüksək hərarət, güclü halsızlıq, tənəffüs yollarının ağırlaşması və bəzi hallarda pnevmoniya ilə nəticələnə bilər. COVID-19 pandemiyasından sonra əhalinin qripə qarşı ümumi immunitetinin zəifləməsi bu virusun daha kəskin təsir göstərməsinə şərait yaradıb.

Hazırda Avropa və digər regionlarda təkcə H3N2 deyil, bir neçə respirator virus eyni vaxtda dövr edir. Mövsümi qripin digər növləri, COVID-19, respirator sinsitial virus və insan metapnevovirusu paralel şəkildə yayılaraq xəstəxanalarda yükü artırır. Bu virusların üst-üstə düşməsi bəzi bölgələrdə xəstələnmə və ölüm göstəricilərinin kəskin artmasına səbəb ola bilər.

Media orqanlarında tez-tez “naməlum virus” ifadəsinin işlədilməsinin əsas səbəbi laborator analizlərin gecikməsi və rəsmi təsdiqlərin hələ açıqlanmamasıdır. Ağır klinik mənzərə fonunda tanınmış viruslar belə ictimaiyyətdə yeni xəstəlik kimi qəbul edilə bilir. Əslində isə bu hallar çox vaxt mövsümi infeksiyaların qeyri-adi dərəcədə güclü yayılması ilə əlaqədar olur.

Oxşar epidemioloji vəziyyət Azərbaycanda da istisna deyil. H3N2 və digər respirator viruslar ölkədə hər il qış mövsümündə aktivləşir və xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər üçün ciddi risk yaradır. Bununla belə, hazırda Azərbaycanda yeni və naməlum virusla bağlı rəsmi xəbərdarlıq mövcud deyil. Mütəxəssislər xəstəliklərin qarşısının alınması üçün sadə, lakin effektiv qorunma tədbirlərinə əməl etməyi, ağır simptomlar müşahidə edildikdə isə vaxtında həkimə müraciət etməyi tövsiyə edirlər.

Lakin real vəziyyət göstərir ki, həm böyüklər, həm də məktəbyaşlı uşaqlar arasında günlərlə davam edən xəstəlik halları kütləvi xarakter alıb. Xüsusilə valideynlər məktəblərdə tətbiq olunan qiymətləndirmə sistemi ilə bağlı narazılıqlarını açıq şəkildə ifadə edirlər. Onların sözlərinə görə, xəstəliklərin geniş yayıldığı bir dövrdə belə, müəllimlər kiçik və böyük summativ qiymətləndirmələrə (KSQ, BSQ) görə uşaqların məktəbə davamiyyətində israr edirlər. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlərə bal yazılmaması və valideynlərdən tibbi arayış tələb olunması isə əlavə stress yaradır.

Valideynlər bildirirlər ki, onsuz da KSQ və BSQ yükü uşaqların psixoloji vəziyyətinə və immun sisteminə mənfi təsir göstərir. Xəstə uşaqların məktəbə məcburən göndərilməsi isə həm onların səhhətinin ağırlaşmasına, həm də virusların məktəb mühitində daha sürətlə yayılmasına şərait yaradır. Üstəlik, summativ qiymətləndirmələrin təkcə əsas fənlərlə məhdudlaşmaması, rəsm, texnologiya, musiqi, idman və STEAM kimi fənlər üzrə də keçirilməsi narazılığı daha da artırır. Valideynlərin sözlərinə görə, şagirdlər hətta musiqi fənnindən çətin terminləri əzbərləməyə məcbur qalırlar ki, bu da uşaqlar üçün əlavə yük deməkdir.

Valideynlərə XƏBƏRDARLIQ: “Məktəbli uşaqlara düzgün oturmağı öyrədin!”

Məsələ ilə bağlı tanınmış pediatr Vaqif Qarayev də mövqeyini bildirib.

O hesab edir ki, qrip və digər respirator infeksiyaların sürətlə yayıldığı günlərdə məktəblərdə summativ qiymətləndirmələrin keçirilməsi məqsədəuyğun deyil. Pediatrın sözlərinə görə, qızdırmalı və özünü pis hiss edən uşağın summativ qiymətləndirmədə normal şəkildə iştirak etməsi və biliklərini nümayiş etdirməsi mümkün deyil.

“Bu nə dərəcədə vacibdir, bilmirəm. Amma bir sualım var: qızdırmalı uşaq summativdə necə cavab verəcək? Elə bil qəbul imtahanıdır, valideynlər bu qədər əndişə içindədir. Biz deyirik ki, xəstə uşaq evdə qalmalıdır, məktəb isə mütləq summativi verməsini tələb edir. Halbuki xəstəliklərin yayıldığı dövrdə ən düzgün qorunma üsulu xəstə olan insanın ətrafdan təcrid edilməsidir”, – deyə V.Qarayev vurğulayıb.

Mütəxəssislərin qənaətincə, mövsümi xəstəliklərin pik dövründə məktəblərdə qiymətləndirmə mexanizmlərinə daha çevik yanaşılmalı, uşaqların sağlamlığı isə prioritet kimi nəzərə alınmalıdır.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR