İsveçrənin Cenevrə şəhərində ABŞ ilə İran arasında nüvə danışıqlarının son raundu mühüm irəliləyişlə başa çatıb.
Musavat.com xəbər verir ki, bu barədə israilli jurnalist, “Axios” nəşrinin müxbiri və tanınmış siyasi şərhçi Barak Ravid paylaşım edib.
O, qeyd edib ki, prosesə vasitəçilik edən Oman XİN başçısı Bədr əl-Busaidi tərəflərin müzakirələrdə nəzərəçarpacaq irəliləyiş əldə etdiyini bildirib. Onun sözlərinə görə, danışıqlar yaxın zamanda yenidən bərpa olunacaq.
Bildirilib ki, növbəti mərhələdə texniki səviyyəli görüşlər Vyana şəhərində keçiriləcək. Müzakirələrə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də cəlb olunub və qurumun baş direktoru Rafael Qrossi prosesdə iştirak edib. Bu mərhələdə əsas diqqət nüvə proqramı ilə bağlı texniki detallara və mümkün razılaşmanın mexanizmlərinə yönələcək.
Omanlı nazir danışıqlarda iştirak edən nümayəndə heyətlərinə, həmçinin ev sahibi qismində çıxış edən İsveçrə hökumətinə təşəkkürünü ifadə edib.
Müşahidəçilər hesab edirlər ki, hazırkı mərhələ tərəflər arasında etimadın müəyyən qədər bərpa olunduğunu göstərir və razılaşmaya doğru real imkanların yarandığını nümayiş etdirir. Bununla belə, sanksiyalar və nüvə proqramının məhdudlaşdırılması kimi əsas məsələlər üzrə yekun qərarlar hələ qarşıdakı müzakirələrin mövzusu olacaq.
Nigar Həsənli
Musavat.com






