İnsanlara hürriyət, millətlərə istiqlal!

Davosda əqrəblər tutuşduruldu – Əliyev-Tramp görüşü, Sülh Şurası və...

1086 23.01.2026 11:50 Gündəm A A

Yanvarın 22-də Davosda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib. Sonra İlham Əliyev və tədbirə qatılan digər dövlət və hökumət başçıları “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalayıblar.

Eyni gündə Davosda İlham Əliyev Donald Trampla bir araya gəlib. Görüşdə Trampın hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulanıb. Dövlət başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunaraq, artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdırıb və bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirdi. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğulayıb. İlham Əliyev, həmçinin, Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib.

Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunulub, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd olunub. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib. Söhbət əsnasında dövlət başçıları habelə ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd ediblər.

Yeni qurum Qəzzaya, Yaxın Şərqə nəhayət, sülh və sabitlik gətirəcəkmi? Azərbaycan üçün önəmi nə ola bilər? Əliyev - Tramp görüşü “saat əqrəblərinin tutuşdurulması” sayıla bilərmi?

“Davosda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” və onun Nizamnaməsinin imzalanması qlobal təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Xüsusilə Qəzza və ümumilikdə Yaxın Şərqdə mövcud olan xroniki münaqişələr fonunda bu cür platformanın yaradılması beynəlxalq ictimaiyyətin mövcud mexanizmlərin yetərsizliyini etiraf etməsi anlamına gəlir. Sülh Şurasının effektivliyi isə ilk növbədə aparıcı güclərin siyasi iradəsindən və qəbul ediləcək qərarların icra mexanizmlərindən asılı olacaq. ABŞ Prezidentinin bu quruma birbaşa rəhbərliyi onun deklarativ deyil, nəticəyönümlü formatda nəzərdə tutulduğunu göstərir”.
Bu sözləri Musavat.com-a deputat Vüqar İskəndərov deyib.

Deputat Vüqar İskəndərov Şəkidə vətəndaş qəbulu keçirib

O qeyd edib ki, Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması təsadüfi deyil: “Rəsmi Bakı son illərdə regional münaqişənin həlli ilə yanaşı, postmünaqişə mərhələsində sülhün institusional əsaslarının formalaşdırılması istiqamətində nümunəvi model ortaya qoyub. Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesinin başlaması, ticarət əlaqələrinin yaranması və regional kommunikasiya layihələrinin gündəmə gəlməsi Azərbaycanın sülh quruculuğunda real aktor olduğunu təsdiqləyir. Bu baxımdan Azərbaycanın Sülh Şurasındakı iştirakı ölkəmizin beynəlxalq etimad kapitalının artmasının göstəricisi kimi qiymətləndirilə bilər”.

Deputatın sözlərinə görə İlham Əliyevlə Donald Tramp arasında Davosda keçirilən görüş isə Azərbaycan-ABŞ münasibətlərində yeni siyasi sinxronlaşma mərhələsinin başlandığını göstərir: “Trampın hakimiyyətə qayıdışından sonra Vaşinqtonun regional prioritetlərinin yenidən formalaşdığı bir şəraitdə Bakı ilə aparılan dialoq tərəflərin strateji baxışlarının üst-üstə düşdüyünü nümayiş etdirir. Xüsusilə ABŞ-ın Azərbaycan-Ermənistan sülh gündəliyinə verdiyi dəstəyin davamlı xarakter daşıması bu görüşü “saat əqrəblərinin tutuşdurulması” kimi dəyərləndirməyə əsas verir. Nəticə etibarilə, Davosda baş verən proseslər Azərbaycanın qlobal sülh gündəliyində rolunun artdığını və ölkəmizin artıq regional çərçivədən çıxaraq beynəlxalq sülh təşəbbüslərində fəal iştirakçıya çevrildiyini göstərir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR