2026 FIFA Dünya Kuboku hələ başlamasa da, turnir artıq ciddi mübahisələrlə gündəmə gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın sərt təhlükəsizlik və viza siyasəti turnirdə iştirak edəcək bəzi ölkələrin futbolçuları, rəsmiləri və azarkeşləri arasında narazılıq yaradıb.
Məlumata görə, Seneqal və Özbəkistan milli komandalarının üzvləri ABŞ-a giriş zamanı ciddi təhlükəsizlik yoxlamalarına məruz qalıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə Seneqal futbolçularının baqajlarının açıldığı, ayaqqabılarının çıxarıldığı və əlavə yoxlamadan keçirildiyi görünür.
Özbəkistan millisinin italiyalı baş məşqçisi, dünya çempionu Fabio Kannavaro isə yoxlamaların selektiv xarakter daşıdığını iddia edib.
“Bizə bunun qayda olduğu deyildi, amma sonda yoxlama yalnız bizə tətbiq olundu”, – deyə Kannavaro bildirib.
Somalili hakim Omar Abdulkadir Artan da problemlə üzləşənlər sırasındadır. FIFA tərəfindən turnirə təyinat alan və 2025-ci ildə Afrikanın ən yaxşı kişi hakimi seçilən Artanın ABŞ-a girişinə icazə verilməyib. ABŞ rəsmiləri bunu əlavə təhlükəsizlik yoxlamaları ilə əsaslandırıblar.
İraq millisinin hücumçusu Aymen Hüseyn isə Çikaqo hava limanında təxminən yeddi saat saxlanılıb. Onun mobil telefonunun da müvəqqəti olaraq götürüldüyü bildirilir. Komandanın rəsmi fotoqrafının isə ölkəyə girişinə ümumiyyətlə icazə verilməyib.
Mərakeşdə fəaliyyət göstərən azarkeş təşkilatlarından biri də ABŞ vizası almaqda ciddi problemlərlə üzləşib. Bildirilir ki, təşkilatın təqdim etdiyi 42 müraciətdən 40-ı heç bir izahat verilmədən rədd edilib.
İran millisində isə futbolçular və baş məşqçi viza ala bilsələr də, texniki və inzibati heyətin 13 üzvünün müraciəti qəbul edilməyib.
Məlumata görə, Donald Tramp administrasiyasının tətbiq etdiyi sərtləşdirilmiş viza qaydaları Dünya Kubokunda iştirak edəcək Seneqal, Fil Dişi Sahili, Haiti və İran kimi ölkələrin nümayəndələrinə də təsir göstərib.
FIFA isə indiyədək məsələ ilə bağlı rəsmi mövqe açıqlamayıb.
Musavat.com






