İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində saxlanılan "Fənərbağça" klubunun prezidenti və iş adamı Sadətdin Saran məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Sadətdin Saran barəsində “imza atmaq” öhdəliyi şəklində məhkəmə nəzarəti tədbiri seçilib və onun ölkədən çıxışına qadağa qoyulub.
Klubun mətbuat katibi Ali Gürbüz jurnalistlərə bildirib ki, proses ərzində hüququn əsas prinsiplərinin qorunması üçün bütün lazımi addımlar atılır və prezidentin haqlı olduğu düşünülür. O həmçinin soyuq havaya baxmayaraq, məhkəmə qarşısına toplaşaraq Sadətdin Sarana dəstək verən azarkeşlərə təşəkkür edib və bildirib ki, davam edən hüquqi proseslə bağlı əlavə detalları açıqlamaq düzgün deyil.
Ali Gürbüz prezidentin sözlərini xatırladaraq: “Bu mövsüm çempion olacağıq, azarkeşlər narahat olmasın”, – deyə vurğulayıb.
Qeyd edək ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma davam edir. Klub prezidenti “narkotik maddə əldə etmə”, “narkotik maddə istifadəsini asanlaşdırma” və “narkotik maddə istifadə etmə” ittihamları üzrə saxlanılmışdı.
Şahanə Rəhimli
Musavat.com






