Yaponiya alimlərinin apardığı araşdırmaya görə, kefir — fermentləşdirilmiş süd içkisi (qatıq növü) — tərkibindəki faydalı bakteriyalar sayəsində immun sisteminin yaşlanmasını ləngidə, hətta qismən geri çevirə bilər.
Musavat.com xəbər verir ki, tədqiqat çərçivəsində alimlər 8 həftə ərzində yaşlı siçanları kefirdən ayrılmış xüsusi bakteriya ştammı ilə qidalandırıblar. Müşahidələrin nəticələrinə əsasən, bu siçanlarda bir sıra müsbət dəyişikliklər qeydə alınıb.
Belə ki, timus və qaraciyərdə yaşla bağlı struktur dəyişiklikləri daha zəif olub. Hüceyrə bölünməsini dayandıran və hüceyrə qocalmasının əsas göstəricisi sayılan zülalların aktivliyi azalıb. Eyni zamanda xroniki hüceyrə iltihabı səviyyəsinin də nəzərəçarpacaq dərəcədə aşağı düşdüyü müəyyən edilib.
Alimlərin fikrincə, əldə edilən bu nəticələr gələcəkdə yaşlanma əleyhinə qida əlavələrinin hazırlanması üçün elmi baza yarada bilər. Tədqiqatçılar qeyd edirlər ki, fermentləşdirilmiş süd məhsullarının gündəlik rasionda yer alması immun sisteminin sağlam qalmasına mühüm töhfə verə bilər.
Musavat.com






