“Güney Azərbaycanda və bütövlükdə İranda on milyonlarla soydaşımızın gözü-qulağı Bakıdaykən bir deputatın, bir partiya sədrinin Güney Azərbaycanla bağlı gərəksiz ifadələrə yer verməsi təəssüf hissindən başqa bir şey doğurmur”.
Bu barədə siyasi şərhçi Azər Həsrət deputat Fazil Mustafanın İrandakı proseslərə həsr olunan müəllif yazısında Güney Azərbaycan ideologiyasını Stalinin bizə sırıdığı mifologiya adlandırmasına münasibət bildirərkən qeyd edib.
Azər Həsrət Musavat.com-a deyib ki, Fazil Mustafanın özü milli azadlıq hərəkatında yetişmiş bir siyasət adamıdır. Kifayət qədər də bu məsələləri bilən, başa düşən bir şəxsdir. O, bilməmiş deyil ki, istər Güneydə, istər Quzeydə, istər dünyanın hər tərəfində biz Azərbaycan türkləri bütövləşmədən rahat ola bilməyəcəyik:
Yəni Güney və Quzey bir bütün olmadıqca bizim azərbaycanlılar heç vaxt əsas hədəflərinə çatdıqlarını düşünə bilməyəcəklər. Belə bir şəraitdə durub arxadan zərbə sayılacaq fikirlər səsləndirmək heç yerinə düşmür. İranda baş verən proseslər fonunda bu fikirləri dilə gətirmək ümumiyyətlə, yerinə düşmür. Əbülfəz Elçibəy də, Məhəmməd Əmin Rəsulzadə də, onlarla bərabər gəlmiş-keçmiş, yaxud indi də həyatda olan milli dava adamlarının hər birisi də ürəkdən əmindir ki, Güney Azərbaycan azad olacaq və Azərbaycan bütövləşəcək. Buna heç kim şübhə etməsin”.
A.Həsrətin sözlərinə görə, ola bilsin ki, Fazil Mustafanın Azərbaycanın bütövləşməsini istəmir, ona görə də mifik bir şey hesab edir:
“O, istəməyə bilər, şəxsi işidir. Amma məhz bu mərhələdə bu fikirləri dövriyyəyə buraxması Güneydəki soydaşlarımıza çox zərbə ola bilər və İranın molla rejiminin, yaxud da onun yerinə gətirmək istədikləri şah rejiminin əlinə oynaya bilər. Bu şeyləri Fazil Mustafanın hesablaya bilmədiyini düşünmürəm. Onun dünyagörüşünə bələdəm, bilirəm ki, belə şeyləri hesablaya bilir. Ən azından bu mərhələdə susa bilərdi. Əgər milli davaya töhfə vermək istəmirsə, yaxud kənarda dayanmaq istəyirsə susa bilərdi. Çox təəssüf ki, o, məlum mövqeyi ortaya qoyur. Lakin heç kim şübhə etməsin ki, Güney Azərbaycan azad olacaq”.
Etibar Seyidağa
Musavat.com






