Son illər hindistanlı işçilərin Rusiyaya üz tutması sürətlənib. Onlar əsasən qaynaqçı, dərzi, dülgər və armaturçu kimi peşələr üzrə işləmək üçün ölkəyə cəlb olunurlar.
Musavat.com xəbər verir ki, kadr agentliklərinin məlumatına əsasən, son illərdə hindistanlı işçilərə tələbat 60 faizdən çox artıb. Xüsusilə ixtisaslı qaynaqçılara, dərzilərə, dülgərlərə və armaturçulara ehtiyacın kəskin şəkildə yüksəldiyi bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, bu proses hələ başlanğıc mərhələsindədir və yaxın dövrdə tələbatın daha da artacağı gözlənilir. Buna səbəb kimi Rusiyada əmək bazarında yaranan boşluqlar və infrastruktur, tikinti sahələrində kadr çatışmazlığı göstərilir.
Qeyd olunur ki, dekabrın əvvəlində Hindistan və Rusiya arasında işçi qüvvəsinin mobilliyinin artırılması ilə bağlı razılaşma əldə olunub. Bu razılaşma çərçivəsində iki ölkə arasında əmək miqrasiyasının daha da genişlənəcəyi proqnozlaşdırılır.
Ekspertlərin fikrincə, sözügedən əməkdaşlıq Rusiyanın daxili əmək bazarındakı problemlərin qismən aradan qaldırılmasına, Hindistan üçün isə xaricdə məşğulluq imkanlarının artmasına şərait yaradacaq.
Musavat.com






