Hazırda Azərbaycanda ən azı üç dil bilən vəkil tapmaq olmur.
Musavat.com xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib. Onun sözlərinə görə, Azərbaycanda qadın vəkillərə ehtiyac var: "Hazırda ölkədə 2800-dən çox vəkil mövcuddur. Bu gün Azərbaycanda hər 100 min nəfərə 28 vəkil düşür. Ölkəmizdə vəkillərin sayı digər ölkələrdə müqayisədə azdır. Hüquq fakültəsindən məzun olan qadınların sayı çox olsa da, ancaq onlar müxtəlif səbəblərdən işləmirlər. Bu gün Azərbaycanda qadın vəkillər cəmi 22 % təşkil edir".
A.Bağırov bildirib ki, hüquq fakültəsindən məzun olanların bilik səviyyəsi və hazırlığı yaxşı deyil:”Onların natiqlik qabiliyyəti aşağı səviyyədədir. Zənnimcə, başqa ölkələrdə də uğurla fəaliyyət göstərəcək hüquqşünaslar yetişdirməliyik. Bu gün Azərbaycanda hüquq fakültəsindən məzun olanlar xaricdə fəaliyyət göstərə bilmir. Çünki dil bilgiləri yoxdur. Hazırda ən azı üç dil bilən vəkil tapmaq olmur”.
Azərbaycanda hüquq sahəsində kadr potensialı və peşəkar hazırlıq səviyyəsi ilə bağlı müzakirələrdə hüquq təhsilinin keyfiyyəti xüsusi yer tutur. Beynəlxalq hüquqi münasibətlərin genişləndiyi, xarici tərəfdaşlarla işləməyin zərurətə çevrildiyi bir dövrdə hüquq fakültələrini bitirən məzunların bilik, bacarıq və dil hazırlığı məsələsi daha çox diqqət çəkir.
Tanınmış vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Səmimi olaraq deyim ki, sırf hüquq dili olaraq Azərbaycan dilini bilirəm. Amma əlbəttə ki, müxtəlif ölkələrdən müştərilərim də olur. Məsələn, Rusiyadan, Qazaxıstandan, Ukraynadan olan müştərilərlə rus dilində ünsiyyət qururam. Magistr təhsilimi Türkiyədə aldığım üçün türk müştərilərlə türk dilində danışıram. Lakin qeyd etməliyəm ki, Türkiyənin hüquqi dili son dərəcə mürəkkəbdir və bu da müəyyən çətinliklər yaradır.
Bununla belə, razıyam ki, üç dildə hüquqi səviyyədə danışa bilən hüquqşünasların sayı azdır. Bizdə elə hüquqşünaslar var ki, dil baxımından o qədər də kollegial deyillər, amma elələri də var ki, ərəb və ingilis dillərini çox mükəmməl, sırf hüquqi formatda bilirlər, yəni bu dillərdə hüquqi təhsil alıblar.
Anar müəllim də məsələni məhz say baxımından qeyd edir. Məsələn, ölkədə təxminən 2800-ə yaxın vəkil var. Onların içərisində üst-üstə hesablasanız, 100–120, maksimum 150 vəkil var ki, üç dil bilir. İndi təsəvvür edin, 2800 vəkilin 150-si təxminən 5 faizə bərabərdir”.
Vəkil əlavə edib ki, hüquqşünasların bilik və bacarıq səviyyəsi çox aşağıdır: “Mən hesab edirəm ki, artıq təkcə adi vətəndaşlar yox, hətta mütəxəssislərlə ünsiyyətdə belə bu problem açıq şəkildə hiss olunur. İstər müxtəlif təsisatlarda, istər dövlət qurumlarında, istərsə də “ASAN Xidmət” mərkəzlərində çalışan bir çox işçi insanlarla sanki proqramlaşdırılmış robotlar kimi danışır.
Yəni məqsəd problemi həll etmək deyil, sadəcə onlara verilmiş təlimatı mexaniki şəkildə icra etməkdir. Bürokratik davranışla “bu belədir, məsələ bitdi” yanaşması üstünlük təşkil edir. Halbuki baş vermiş problemi araşdırmaq, onu rəhbərlik səviyyəsinə qaldırmaq, alternativ təklif vermək, məsləhət və tövsiyə irəli sürmək, ən əsası isə problemin həlli üçün təşəbbüs göstərmək demək olar ki, yoxdur.
Bu isə olduqca mənfi tendensiyadır və təəssüf ki, vəziyyət gələcəkdə daha da pisləşməyə doğru gedir. Bu gün hüquq fakultələrindən məzun olan gənclərin – yəni universiteti bitirib hüquqşünas adını alan şəxslərin – savad səviyyəsinin aşağı olmasının əsas səbəblərindən biri universitetlərdə müəllim çatışmazlığının mövcudluğudur.
Açıq demək lazımdır ki, istər dövlət qurumlarında, istərsə də universitetlərdə müəllimlərə və dövlət qulluqçularına ödənilən əməkhaqqı ilə özəl sektorda təklif olunan əməkhaqqı arasında böyük fərq var. Bu fərq nəticə etibarilə dövlət sektorunun uduzmasına gətirib çıxarır. Daha sağlam, daha məhsuldar və intellektual baxımdan güclü beyinlər məhz bu səbəbdən özəl sektora yönəlirlər. Nəticədə isə təhsil sistemi, xüsusən də hüquq təhsili keyfiyyət baxımından ciddi itkilərlə üz-üzə qalır”.
Afaq Mirayiq,
Musavat.com






