İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti kosmik tədqiqatlar strategiyasında gözlənilməz və ciddi dəyişiklik edərək prioritetlərini yenidən müəyyənləşdirib.
Musavat.com xəbər verir ki, "Wall Street Journal" (WSJ) nəşri şirkətin Mars planlarını təxirə salaraq bütün gücünü Aya yönəltdiyini yazıb.
Məlumata görə, "SpaceX" investorlara göndərdiyi rəsmi bildirişdə 2026-cı il üçün nəzərdə tutulan Mars missiyasının dondurulduğunu təsdiqləyib. Şirkət indi NASA tərəfindən maliyyələşdirilən və dəstəklənən Ay proqramına ("Artemis") mütləq üstünlük verir. Yeni qrafikə əsasən, "SpaceX" 2027-ci ilin mart ayında Aya pilotsuz eniş həyata keçirməyi planlaşdırır.
Marsdan imtinanın pərdəarxası: NASA-nın təzyiqi və texniki maneələr
Ekspertlər bu qərarın bir neçə həlledici səbəbi olduğunu vurğulayırlar:
NASA-nın ultimatumu: NASA rəhbərliyi ötən ilin sonunda "SpaceX"ə Ay eniş aparatının ("Starship HLS") hazırlanmasındakı gecikmələrə görə xəbərdarlıq etmişdi. Şirkət "Artemis III" missiyasını təhlükəyə atmamaq üçün bütün mühəndis resurslarını bu layihəyə cəlb etməli olub.
Maddi baryer: "Starship" gəmisinin kosmosda yanacaq doldurma sınaqları gözləniləndən daha baha başa gəlir və daha mürəkkəb texniki həllər tələb edir.
Çin ilə rəqabət: ABŞ-ın Çinlə Ay yarışı fonunda Ağ Ev "SpaceX"dən ilk növbədə Ay səthində möhkəmlənməyi tələb edib.
İlon Maskın etirafı
Maraqlıdır ki, bir il əvvəl Ayı Mars yolunda "diqqət yayındıran bir maneə" adlandıran İlon Mask, son müsahibələrində Marsın hazırkı mərhələdə "aşağı ehtimallı bir missiya" olduğunu etiraf edib. Mask bildirib ki, "Starship"-in tam təkrar istifadə qabiliyyəti sübut olunmadan Marsa getmək texniki baxımdan risklidir.
Yeni plana əsasən, 2027-ci ilin martında pilotsuz "Starship" Ayın cənub qütbünə eniş edəcək. Bu, uğurlu olarsa, insanlar 50 ildən sonra ilk dəfə məhz bu gəmi ilə Aya qayıdacaqlar.
Musavat.com






