İnsanlara hürriyət, millətlərə istiqlal!

“İmportnı” xəstəlik - Tanzaniyadan Bakıya necə gəldi...

1029 11.02.2026 09:45 Gündəm A A

Azərbaycanda on mindən çox şəxs QİÇS-ə görə daimi nəzarət və müalicə altındadır

1980-ci illərin ortalarına qədər Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) infeksiyası SSRİ sakinləri tərəfindən “Qərbdə fahişələr, evsizlər və homoseksuallar arasında geniş yayılmış xəstəlik” hesab olunurdu. İnsanda immunçatışmazlığı virusu 1983-cü ildə fransız alimləri tərəfindən kəşf edilmişdi, lakin sovet qəzetləri əvvəlcə iddia edirdilər ki, “bu sovetlərlə dostluq edən Afrika ölkələrində sosializmi gözdən salmaq üçün düşünülmüş plandır”.

“Vremya” proqramında QİÇS haqda və ilk fərman 

1986-cı ildə RSFSR-in səhiyyə naziri “Vremya”-"Zaman" proqramında belə bir xəbər yaymışdı: “QİÇS Amerikada 1981-ci ildən bəri tüğyan edir - bu, Qərb xəstəliyidir. Rusiyada narkomaniya və ya fahişəlik olmadığı üçün bu infeksiyanın yayılması üçün heç bir əsas yoxdur”.

A nurse draws a blood sample from a female AIDS patient in a Moscow... News  Photo - Getty Images

1980-ci illərin ortalarında HİV-in ortaya çıxması sovet səhiyyə sistemini “qəfil yaxaladı”. Səhiyyə Nazirliyinin ilk departament sənədlərində QİÇS əsasən xarici təhlükə kimi nəzərdən keçirilirdi. 1985-ci ildə verilən “müvəqqəti təlimatlar” xaricilərə kömək edən səhiyyə işçilərinə ünvanlanmışdı. Amerika tədqiqatlarına istinad edən mətn xəstəliyi birbaşa homoseksuallar, narkotik istifadəçiləri və hemofiliyalılarla əlaqələndirir və cinsi yolla ötürülmənin əsas yayılma yolu kimi qeyd olunurdu. 

1985-ci ilin ikinci əsas sənədi “QİÇS xəstələrinin axtarışının təşkili və donorların monitorinqi haqqında...” əmri idi. Bu əmrdə xüsusən də SSRİ-yə gələn əcnəbilər arasında hər hansı bir şübhəli halın dərhal “yuxarılara” verilməsi tələb olunurdu. 

Cəzalandırıcı və məhdudlaşdırıcı yanaşma ilk ümumittifaq qanunu - SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 25 avqust 1987-ci il tarixli “QİÇS virusuna yoluxmanın qarşısının alınması tədbirləri haqqında” fərmanı ilə möhkəmləndirildi. Bu fərman ən kiçik şübhə halında məcburi testi, QİÇS-ə yoluxduğu şübhəli bilinən əcnəbilərin dərhal deportasiyasını və yoluxmaya görə cinayət məsuliyyətini nəzərdə tuturdu.  Fərman daşıyıcının qarşısının alınması və müalicəsindən daha çox cəzalanmasının və təcrid olunmasını nəzərdə tuturdu. Onun müddəaları Azərbaycan daxil bütün sovet respublikalarında təkrarlanaraq vahid, repressiv hüquqi çərçivə yaratdı.

USSR propaganda poster . Anti AIDS. Health protection. 1989 | eBay

Sovet İttifaqı  problemi görməzdən gəlməyi və günahkar kimi müəyyən etdiyi şəxsləri təqib etmək yolunu  seçdi.

İlk yoluxmanın təsdiqi - SSRI-də ilk ölən kim idi?

Həkimlər SSRİ-də ilk dəfə infeksiyanı 1987-ci ilin yayında təsdiqlədilər. Zaporojyedən olan mühəndis və hərbi tərcüməçi Vladimir Krasiçkov SSRİ-nin ilk rəsmi qeydiyyatdan keçmiş  QİÇS xəstəsi  hesab olunurdu. O, 1981-ci ildən 1984-cü ilə qədər Tanzaniya səfirliyində çalışıb. Tanzaniyada xidmət edərkən QİÇS daşıyıcısı ilə cinsi əlaqədə olub. O, Moskva yoluxucu xəstəliklər xəstəxanasına yerləşdiriləndə artıq  xəstəliyin son mərhələsində olub.

Krasiçkov müxtəlif simptomlarla dəfələrlə tibbi yardıma müraciət edib, lakin yalnız 26 fevral 1987-ci ildə ona qəti diaqnoz qoyulub. Krasiçkovun bütün cinsi partnyorları müəyyən edilib və HİV üçün test edilib. Onlardan beşinin testi müsbət çıxıb. Növbəti bir neçə ili o, Moskvanın şərqində - Sokolina Qoradakı xəstəxanada keçirib və daha sonra ölüb.

WhatsApp Image 2026-02-11 at 10.22.41.jpeg (188 KB)

QİÇS-dən ölən ilk sovet vətəndaşı Krasiçkov deyil, Moskva Texnologiya İnstitutunun Leninqrad filialının 29 yaşlı axşam tələbəsi Olqa Gayevskaya idi. O, 1979-1985-ci illər arasında immiqrantlarla, xüsusən də afrikalılarla təkrar cinsi əlaqə zamanı HİV-ə yoluxmuşdu. Gayevskaya ilk simptomları ilə 1985-ci ildə xəstəxanaya müraciət edib. Lakin 1988-ci ilə qədər heç kim onun QİÇS xəstəliyinə yoluxduğundan şübhələnməmişdi. Sonrakı illərdə o, müalicə almış və bu müddət ərzində 1988-ci ildə testdən keçmiş və nəticəsi mənfi olmuşdu. Olqa 1988-ci ilin sentyabrında pnevmoniyadan vəfat edib. Gayevskayaya yalnız ölümündən sonra QİÇS diaqnozu qoyuldu.

QİÇS-in ilk dəfə yoluxmuş anadan uşağa ötürülməsi faktı

SSRİ-də QİÇS-lə əlaqəli ilk ölümlərdən biri 1988-ci ildə Odessada professor Andrey Kozlov tərəfindən qeydə alınıb. Onun xəstəsi anası virusa cinsi yolla yoluxmuş və virusu ana südü ilə uşağa ötürmüş bir uşaq idi. Bu hadisədən sonra uşaqlar daha tez-tez HİV-ə görə müayinə olunmağa başladılar. İlk xəstələrin tədqiqatı göstərdi ki, QİÇS cinsi əlaqə və qan vasitəsilə, eləcə də yoluxmuş anadan uşağa ötürülür. Bu, yalnız marjinal qrupların infeksiyaya həssas olduğu fikrini aradan qaldırdı. Gənclər, qadınlar və uşaqlar risk altında idilər.

1988-ci ildə Sovet İttifaqında ilk kütləvi QİÇS epidemiyası Kalmıkıyanın paytaxtı Elistada qeydə alınıb: virus 70-dən çox uşaqda və bir neçə yetkin şəxsdə aşkar edilib. İnfeksiya sonradan Kalmıkiya ilə həmsərhəd bölgələrə - Rostov və Volqoqrad vilayətlərinə və Stavropol diyarına yayılıb. 1989-cu ilin ortalarına qədər yoluxanların ümumi sayı 270-i keçib. Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiyaya Elista tibb işçilərinin steril olmayan şprislərdən istifadə etməsi səbəb olub. Lakin kütləvi yoluxma hadisəsi heç vaxt araşdırılmadı və hadisə 2011-ci ildə bağlanıb.

Azərbaycanda cəmi 11 min 58 nəfər? 

“Azərbaycanda ilk QİÇS-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək 11058 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır”.  Bunu son olaraq Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva deyib.

Bildirilib ki, onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır: “Xüsusilə vurğulamaq istərdim ki, İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında QİÇS-in   yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir. Xəstəliyə qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir.

Ölkədə 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus müalicə proqramı çərçivəsində hazırda on mindən çox şəxs daimi nəzarət və müalicə altındadır. İİV-lə yaşayan şəxslərə tətbiq edilən antiretrovrial müalicə infeksiyanın inkişafının qarşısını almaqla yanaşı, yoluxduruculuğun azalmasına da səbəb olur, belə ki, müalicədə olan İİV-lə yaşayanlarda virusun səviyyəsi qanda müəyyən olunmayan səviyyəyədək endiyi üçün İİV-in yoluxmuş şəxslərdən başqalarına ötürülmə riski minimuma enir".

Sonda qeyd edək ki, 1 dekabr Ümumdünya QİÇS Günüdür və “Qlobal həmrəylik, ortaq məsuliyyət” şüarı altında qeyd olunur.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR