İnsanlara hürriyət, millətlərə istiqlal!

İnqilablar ölkəsinin son halı – 3 ildən bir qonşu ölkədə qanlı qırğın, alov-yanğın olur...

1237 02.01.2026 11:51 Analitika A A

Fransa Avropanın “xroniki inqilablar ölkəsi”dirsə, Şərqin bənzər ölkəsi İrandır.

Ötən əsrin əvvəlindən ta bu günümüzə qədər qonşu ölkədə saysız-hesabsız inqilablar, üsyanlar, hərəkətlənmələr, iğtişaşlarla müşayiət olunan itaətsizliklər, cürbəcür ictimai-siyasi gərginliklər baş verib və verməkdədir.

Ən ümdəsi odur ki, İranda hökumətlə hökumətlik etməyin cəzası çox ağır olsa da, edamlarla bitsə də, cana doymuş xalq kütlələri vaxtaşırı olaraq qanlarını qaşığa qoymaqdan çəkinmirlər, ayağa qalxır, hakimiyyət orqanlarına olduqca sərt müqavimət göstərir, yaxalandıqları zaman kütləvi şəkildə dar ağaclarından, son dövrlərdə isə inşaat kranlarının qarmaqlarından asılırlar.

Aradan bir neçə il il keçir, küçə üsyanları bərpa olunur.

Şah Pəhləvi dövründə SAVAK-ın (məxfi cəza xidməti) repressiyalarından əziyyət çəkən indiki teokratik qüvvələr 1979-cu ildə baş verən islam inqilabından sonra hakimiyyətə gələrək və SEPAH adlı daha amansız qurum yaradaraq xalqa divan tutmaq işində SAVAK-a rəhmət oxutdururlar.

Molla rejimi bu kimi məsələlərdə Məhəmməd Rza şahdan daha qəddar və qətiyyətlidir. Şah üsyana qalxmış dinc xalqı gülləboran etməkdən çəkinirdisə, mollalarda tərəddüd yoxdur. Şah öz rəqiblərini türmələrə doldurur və ya sürgünə göndərirdisə, mollalar dolmuş türmələri əsasən asılanların hesabına seyrəldirlər.

Şahdan qaçan opponentlər bir sıra Avropa ölkələrində azad, asudə yaşayır, inqilabi fəaliyyətlərini davam etdirir, təmərküzləşir, inqilabın yeni mərhələsi üçün qüvvə toplaya bilirdilərsə, ayətullahların rejimi siyasi rəqiblərini İngiltərədə, Fransada təqib edir, fiziki cəhətdən yox etməyə çalışırdılar.

İranda baş verən inqilab və üsyanların əsas səbəbi heç də hakimiyyət davası deyil, daha çox güzəran, dolanışıq, rifah davasıdır. 80 milyonluq xalqın mühüm bir hissəsi kasıbçılıq içində çırpınır, işsizlik əmsalı həddən çoxdur, beynəlxalq təcridə məruz qalan ölkənin gələcəyi mübhəmdir, əhalinin iqtisadi vəziyyəti günbəgün pisləşir, inflyasiya baş alıb gedir, milli valyuta a4 kağızı qədər dəyərsizləşməkdədir. Bu baş verənlər “acın qılınca çapmaq” hadisəsidir.

Hakimiyyət orqanları və rejim təbliğatçıları nə qədər bu iğtişaşlarda “xarici barmaq” axtarsalar da, baş verənləri “sionistlərin rolu”, “Amarikanın oyunu” kimi qələmə versələr də, gerçəklik başqadır. Molla rejimi bu böyük ölkəni idarə edə, dolandıra, tərəqqiyə qovuşdura bilmir. Nüvə silahı əldə etmək üçün dünya birliyi ilə, qüdrətli dövlətlərlə üz-göz olan, onlarla düşmənçilik aparan teokratik rejim tutduğu istiqamətdə irəliləməkdən başqa yol görmür, ziyanın yarısından qayıtmaq istəmir.

2025-ci ilin iyununda İsrail və ABŞ tərəfindən dəhşətli hücuma məruz qalan, 12 günün içində çox sayda general və nüvə alimlərini itirən, yeraltı santralları, bunkerləri dağılan, böyük ziyanlar görən ölkəni idarə edənlər bu qədər itkiyə rəğmən savaşın bitməsini “qələbə qazandıq” deyə qeyd edəndə artıq bəlliydi ki, yaşananlardan dərs götürülməyib, Tehran və Qum bir qədər sonra yarımçıq qalan işini davam etdirəcək. Elə də oldu.

Bir neçə gün öncə sırf milli valyutanın dəyərsizləşməsi motivi ilə başlayan iğtişaşlar həm də İsrailin baş naziri Binyamin Netanyahunun İranın yenidən vurulmasının vacib olduğu barədə danışmasından sonra təsadüf etməsi boşuna deyil. Xalq artıq permanent “vurulmalar”dan və sürüb gedən mərhumiyyətlərdən bezar olub, fikirləşir ki, ətraf dünya ilə düşmənçilik davam edəcəksə, hələ uzun illər kasıbçılıq olacaq, xoş gün olmayacaq.

İran xalqı buna etiraz edir, işin sonunda edam görsə də, özünü etiraza qalxmaqdan saxlaya bilmir.

Bu arada 47 il əvvəl İrandan qovulmuş şah ailəsinin varisi Rza Pəhləvinin yenidən İrana sahiblənmək iştahının qabarması da müşahidə olunur. Bu, bir zülmkar qüvvələrin digər zalımlarla əvəz edilməsi layihəsidir və bu da əzabkeş İran xalqını xoşbəxt edə bilməz.

Ancaq etirazlar zamanı zorakılıq dalğasının şiddətli olması, küçə döyüşləri ilə, yanğınlarla, vandalizm aktları müşayiət olunması əllərində mütəşəkkil nizami qüvvələr və hər cür yaraq-əsləhə olan hökumət qüvvələrinin işinə yarayır. Onların müqavimətçilərə divan tutması legitimləşir. Ardınca edamlar seriyası başlanacaq və məsələ... heç də bitməyəcək, sadəcə, bir neçə illiyə dondurulacaq.

Araz Altaylı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR