Qlobal maliyyə bazarlarında artan geosiyasi və makroiqtisadi risklər qızılı yenidən investorların əsas sığınacaq aktivinə çevirib. Bu fonda “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti 4600 dollar həddini aşaraq tarixi maksimumu yeniləyib. Birja məlumatlarına görə, Yaxın Şərqdə, xüsusilə İranda dərinləşən siyasi böhran, ABŞ Federal Ehtiyat Sisteminin (FED) üzərinə güclənən siyasi təzyiqlər və ABŞ-də əmək bazarı üzrə açıqlanan zəif göstəricilər investorların riskdən qaçışını sürətləndirib. Nəticədə qızılın qiyməti Bakı vaxtı ilə saat 04:47-də 1.92% bahalaşaraq bir troya unsiyası üçün 4605 dollar, saat 04:55-də isə artım 2.03%-ə çataraq 4610.1 dollar səviyyəsində formalaşıb.
Qızılın qiymətinin artmasına daha hansı amillər təsir edir?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov Musavat.com-a deyib ki, qızılın qiymət artımını yalnız İran böhranına bağlamaq düzgün olmasa da, bu faktor önəmli katalizatorlardan biridir:
“Digər geopolitik və makroiqtisadi faktorlar - məsələn, ABŞ-Venesuela gərginliyi, FED siyasəti, ABŞ əmək bazarı göstəriciləri kimi faktorlar da qiymət artımına təkan verib. Belə ki, qızıl uzun müddətdir “təhlükəsiz liman” kimi aktiv hesab olunur - yəni iqtisadi və siyasi qeyri-müəyyənliklərin artdığı dövrlərdə investorlar riskli aktivlərdən çəkilərək qızıl və digər stabillik axtarılan aktivlərə yönəlirlər”.
Ekspert əlavə edib ki, qızılın bahalaşmasını şərtləndirən amillər yalnız İranla bağlı deyil:
“FED-ə qarşı siyasi təzyiq və ABŞ əmək bazarındakı zəif göstəricilərdir ki, ABŞ-də iqtisadi göstəricilərin zəifləməsi və siyasətçilərin FED üzərinə təzyiqi qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyi artırır. Bu da investorları likvid, təhlükəsiz aktivlərə - qızıl kimi - yönəldir.
Qeyd edildiyi kimi, spot qızılın qiyməti 2% yüksələrək rekord səviyyəyə çatıb və ABŞ qızıl fyuçersləri 2.5% artıb. Bu sürətli qiymət artımı qlobal investorların böhran fonunda təhlükəsiz aktiv axtarışını göstərir.
Qısası, siyasi böhranlar və sosial etirazlar regionda riskləri artırır. Bu, investorların regional və qlobal iqtisadi təsirlərdən qorunmaq üçün qızıl almağa marağını artırır”.
Afaq Mirayiq,
Musavat.com






