Ötən ilin sonlarından etibarən İranda baş qaldıran etiraz aksiyalarını dünya yaxından izləyir. Xalqın dirənişi fonunda ABŞ və İran arasındakı gərginlik də diqqətdən qaçmır.
Ekspertlər hesab edirlər ki, son aylarda davam edən siyasi və hərbi təzyiqlər, hazırda davam edən aksiyalar, xüsusilə iki ölkə arasında qarşılıqlı ittihamların kəskinləşməsi bölgədə sabitliyi ciddi şəkildə sarsıda bilər.
Heç şübhəsiz ki, İranın nüvə proqramı və regional ambisiyaları ABŞ-nin strateji maraqları ilə qarşı-qarşıya gəldikcə, Cənubi Qafqazdan Yaxın Şərqə qədər geosiyasi risklər durmadan artır. Bu qarşıdurma artıq sadəcə diplomatik oyun deyil, hər iki tərəf üçün həm iqtisadi, həm də hərbi fəlakət potensialı daşıyan real bir sınağa çevrilib.
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi ölkə daxilində davam edən etirazlar və ABŞ-nin mümkün müdaxilə təhdidləri ilə bağlı açıqlama verib.

O bildirib ki, 28 dekabrdan bəri davam edən etirazlar ölkədəki ağır iqtisadi böhranın nəticəsidir, lakin son günlər şiddət hadisələri xüsusilə artıb.
Əraqçi iddia edib ki, baş verən zorakılıqlar kənar müdaxilə üçün zəmin yaratmaq məqsədi ilə qızışdırılır. Nazirə görə, silahlı və terror qrupları etirazlara sızaraq həm dinc nümayişçiləri, həm də təhlükəsizlik qüvvələrini hədəf alır və bununla da ölkədə xaosu dərinləşdirməyə çalışırlar.
ABŞ prezidenti Donald Trampın müdaxiləyə eyham vuran açıqlamalarından sonra etirazların daha qanlı mərhələyə keçdiyini deyən Abbas Əraqçi bunun məqsədinin İrana qarşı mümkün xarici müdaxiləyə bəhanə yaratmaq olduğunu vurğulayıb.
ABŞ-nin təhdidlərinə cavab olaraq isə Əraqçi “Savaşa da hazırıq, dialoqa da!” mesajını verib.
Onu da diqqətə çatdıraq ki, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf hakimiyyətyönlü mitinqdə çıxışı zamanı ABŞ-ni açıq şəkildə hədələyib və mümkün qarşıdurma halında Vaşinqtona “unudulmaz dərs” veriləcəyini bəyan edib.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a açıqlamasında cənub qonşumuza bu aksiyaların arxasında dayanan güclərin məlum olduğunu söyləyib:
“İranda davam edən iğtişaşlar çox təhlükəli mərhələyə qədəm qoyub. Hər iki tərəfdə şiddət və zorakılıq halları artmaqdadır. Verilən məlumatlara görə, ölənlərin və xəsarət alanların sayı durmadan artır. 10 min nəfərdən çox həbs olunan var. Hökumət qüvvələri arasında da itkilərin olduğu deyilir. Etirazların ilkin mərhələsində rejim təmkinli və ehtiyatlı davranış sərgiləsə də, kompromisə meyillilik nümayiş etdirsə də, hadisələrin geniş və xaotik vüsət alması qəti tədbirlərə əl atılmasına vadar etdi. Tehran anlayır ki, budəfəki etirazların arxasında xarici güclər, xüsusilə İsrail və ABŞ durur. Ona görə də xarici müdaxilə üçün əsas verməməyə çalışır.
Tramp administrasiyasının İranla bağlı hərbi müdaxilə planı təhlükəlidir. Əgər belə bir hal baş verərsə, bu, böyük bir coğrafiyanı ciddi şəkildə təsirləndirəcək. Türkiyə və Azərbaycan risklərlə üzləşir. Təcrübə göstərib ki, ABŞ-nin hərbi müdaxilə edərək dəyişdiyi rejimlərdə sonradan daxili sabitlik yaratmaq mümkün olmur. Separatizm və terrorizm geniş meydan sulayır. Dövlət nüfuzu və güvəni məhv olur.
Digər tərəfdən, Birləşmiş Ştatların müdaxiləsi beynəlxalq hüquq pozuntusu olmaqla yanaşı, problemləri də çözməyəcək. Əksinə, sonu bilinməyən etapa girəcək. Əgər Tramp bunu gerçəkləşdirərsə, Tehran rejiminə xarici müdaxilə faktorunu əsas tutaraq daxildəki repressiyaları və şiddəti artıracaq, diqqəti yayındırmaq üçün bundan istifadə edəcək.
İranla bağlı cərəyan edənləri proqnozlaşdırmaq çətindir. Lakin düşünmürəm ki, Tramp Rusiya, Çin və Türkiyə amilini nəzərə almamış olsun. İndiki rejimə alternativlər də yoxdur. Teokratik rejimi nə ilə və kimlə əvəz edəcəklər? Yaxud İranın gələcək taleyinin konturları nədən ibarət olacaq? Bu kimi aktual suallar qalır.
Fikrimcə, İran rejimi ağır bədəllər ödəməklə bu çətin və ağır prosesin altından çıxa biləcək. Hələ ki, hakimiyyətin sərgilədiyi daxili və diplomatik səylər bunu deməyə əsas verir”.
Cavanşir ABBASLI
Musavat.com






